• azerbaijan.travel
  • sta.gov.az
  • press&media
  • tourismboard.az
    sta.gov.az azerbaijan.travel press&media
  • Azərbaycanca
    English Azərbaycanca
  • haqqımızda
    strategiya struktur
  • Azərbaycan destinasiyası
    brend haqqında nəşrlər tərəfdaş inteqrasiya proqramı turizm üzrə vahid məlumat bazası turizm informasiya mərkəzləri xüsusi layihələr
  • beynəlxalq bazarlar
    hədəf bazarları tədbirlər
  • işgüzar tədbirlər
    Azərbaycan İşgüzar Tədbirləri haqqında tərəfdaşlar
  • turizm sənayesi
    hotellərin sertifikatlaşdırılması hotellərin ulduz kateqoriyaları bələdçilərin sertifikatlaşdırılması sertifikatlaşdırılmış bələdçilər

Səudiyyə Ərəbistanı

ölkə profili

Azerbaijan Tourism Board

Please select your language of preference.

Səudiyyə Ərəbistanı Bazarı üzrə Mühüm Məlumatlar

 

Azərbaycan üçün əhəmiyyəti

Səudiyyə Ərəbistanı Krallığı Körfəz regionunda Azərbaycan üçün ən mühüm turizm mənbə bazarlarından biri olaraq qalır. Son statistik göstəricilər Səudiyyə Ərəbistanından gələn turist tələbinin davamlı olduğunu nümayiş etdirir. Belə ki, 2025-ci ildə Azərbaycana səfər edən Səudiyyə vətəndaşlarının sayı 104 364 nəfərə çataraq pandemiyadan əvvəlki ən yüksək göstəriciyə yaxınlaşmışdır.

KSA bazarı Azərbaycanda turizm sektorunun prioritet hədəf bazarlarından biri hesab olunur. Bu, turist gəlişlərinin, gecələmələrin və turizm xərclərinin yüksək göstəriciləri ilə təsdiqlənir. Bazarın əhəmiyyəti həmçinin birbaşa hava əlaqələrinin mövcudluğu, əlverişli səyahət şəraiti və Azərbaycanın Səudiyyə Ərəbistanı vətəndaşları arasında istirahət istiqaməti kimi tanınmasının artması ilə daha da güclənir.

Səudiyyə Ərəbistanından gələn turist axınının artmasının əsas səbəbləri Azərbaycanın əlverişli iqlimi, oxşar mədəni dəyərləri, müsəlmanlar üçün rahat və uyğun turizm mühiti, zəngin ənənələri və qonaqpərvərliyi, eləcə də birbaşa uçuşların yüksək tezliyidir. Bundan əlavə, Səudiyyə Ərəbistanı vətəndaşları üçün sadələşdirilmiş viza rejimi də turist sayının artmasına mühüm təsir göstərmişdir.

KSA bazarından Azərbaycana turist səfərlərinin ən yüksək olduğu dövr iyun və iyul aylarına təsadüf edir. Səudiyyə Ərəbistanından Azərbaycana Riyad, Ciddə və Dammam şəhərlərindən birbaşa aviareyslər həyata keçirilir.

 

Əsas məktəb tətili dövrləri

Yay tətili: 11 iyun – 20 avqust 2025

Qış tətili: 17 dekabr 2024 – 4 yanvar 2025

Ramazan tətili: 8 – 14 aprel 2025

Əsas dövlət bayramları və qeyri-iş günləri

Təsis Günü (Founding Day): 22 fevral 2025

Ramazan bayramı (Eid al-Fitr): 31 mart – 3 aprel 2025

Ərəfə Günü (Arafat Day): 5 iyun 2025

Qurban bayramı (Eid al-Adha): 6 – 9 iyun 2025

Milli Gün (National Day): 23 sentyabr 2025

 

Turist Məlumatları

 

Turist Profili

Azərbaycana səfər edən orta statistik Səudiyyə Ərəbistanı vətəndaşı adətən 30–45 yaş aralığında olur. Onlar əsasən ailə üzvləri ilə səyahət edir və çoxu evli, uşaqlı ailələrdən ibarət olduğuna görə ailə yönümlü istirahət növlərinə üstünlük verirlər. Daha gənc yaş qrupuna aid olan, 20 yaşlarının sonu və 30 yaşlarının əvvəllərində olan səyahətçilər isə ailə həyatı qurmadan əvvəl dostları və ya həyat yoldaşları ilə səyahət etməyə meyllidirlər.

Səudiyyə ailələrinin adətən dörd və ya daha çox üzvdən ibarət olması geniş yaşayış məkanlarına və ailələr üçün uyğun turizm məhsullarına tələbat yaradır. Onların səyahət üstünlükləri Yaxın Şərq regionunun digər ölkələrinin vətəndaşları ilə müəyyən oxşarlıqlar göstərsə də, özünəməxsus mədəni dəyərlər və həyat tərzi ilə fərqlənir.

 

Tətil növləri

Lüks səyahətlər: Yüksək səviyyəli kurortlar, beşulduzlu hotellər və lüks kruizlər. Şəxsi turlar, qastronomik təcrübələr və premium alış-veriş imkanları kimi eksklüziv xidmətlərə yüksək maraq göstərirlər.

Ailəvi istirahət: Ailə yönümlü fəaliyyətlər, əyləncə parkları və “hər şey daxil” konsepsiyalı kurortların mövcud olduğu istiqamətlərə üstünlük verirlər. Təhlükəsizlik, təmizlik və uşaqlar üçün nəzərdə tutulmuş xidmətlər əsas seçim meyarları sırasındadır.

Macəra və açıq hava fəaliyyətləri: Xizək sürmə və snoubord kimi qış idman növlərinin təqdim olunduğu istiqamətlərə maraq göstərirlər. Dağlar, çimərliklər və meşələr kimi təbii gözəlliklərə malik məkanlar xüsusilə cəlbedicidir.

Sağlamlıq və istirahət turizmi: SPA mərkəzləri, sağlamlıq proqramları və istirahət yönümlü turizm məhsullarına üstünlük verirlər.

Şəhər turları: Böyük şəhərlərə qısamüddətli səfərlərə maraq göstərir, tarixi və mədəni abidələri, alış-veriş məkanlarını, restoranları və əyləncə imkanlarını ziyarət etməyi sevirlər.

 

Üstünlüklər və səyahət seçimləri

Müsəlman ölkələri: Halal qida, ibadət məkanları və mədəni yaxınlıq baxımından rahatlıq təmin edən müsəlman əhalisinin çoxluq təşkil etdiyi ölkələrə və ya müsəlman icmasının geniş olduğu istiqamətlərə üstünlük verirlər.

Lüks və eksklüzivlik: Yüksək keyfiyyətli və fərdi yanaşma təqdim edən xidmətlərə üstünlük verir, eksklüziv təcrübələr üçün əlavə ödəniş etməyə hazır olurlar.

Alış-veriş imkanları: Dünyaca məşhur brendlərin və premium məhsulların təqdim olunduğu alış-veriş məkanlarına xüsusi maraq göstərirlər.

Ailə yönümlülük: Əksər hallarda ailə üzvləri ilə səyahət etdikləri üçün uşaqlı ailələr üçün uyğun infrastruktur və xidmətlər təqdim edən istiqamətləri seçirlər.

Təhlükəsizlik və rahatlıq: Təhlükəsizliyi, komfortu və yüksək gigiyena standartları ilə seçilən istiqamətlərə üstünlük verirlər.

İqlim amili: Xüsusilə yay aylarında ölkələrində müşahidə olunan yüksək temperatur səbəbindən daha sərin və mülayim iqlimə malik istiqamətlərə maraq göstərirlər.

Qastronomiya: Yüksək səviyyəli kulinariya təcrübələrini qiymətləndirir, halal qida seçimləri və müxtəlif beynəlxalq mətbəx nümunələrinin təqdim olunmasına önəm verirlər.

 

Orta Xərc Səviyyəsi

Səudiyyə Ərəbistanından olan turistlərin xarici ölkələrə səfərləri zamanı xərcləmə səviyyəsi digər bazarlarla müqayisədə nisbətən yüksəkdir. Səudiyyəli turistlər alış-verişə, lüks məhsullara, yerləşdirmə xidmətlərinə, restoranlara və əyləncə fəaliyyətlərinə əhəmiyyətli vəsait sərf etmələri ilə seçilirlər.

Orta hesabla, bir Səudiyyə Ərəbistanı vətəndaşı hər səfər zamanı 5 000–10 000 ABŞ dolları arasında xərc çəkir. Bu göstərici səfərin istiqamətindən, müddətindən və xarakterindən (ailəvi istirahət, lüks səyahət və s.) asılı olaraq dəyişə bilər.

 

Əsas Hədəf Auditoriyası

  • Uşaqlı ailələr (adətən 6–12 nəfərlik qruplar, yaxın qohum və ya dost ailələri də daxil olmaqla)
  • Cütlüklər
  • Dost qrupları
  • Məlumat Mənbələri

2023-cü il statistikasına əsasən, Səudiyyə Ərəbistanında yaşayan insanlar gündə orta hesabla 3 saat 1 dəqiqə müxtəlif sosial media platformalarında vaxt keçirirlər. Bu göstərici turizm şirkətləri və destinasiyalar üçün hədəf auditoriya ilə əlaqə qurmaq və onları cəlb etmək baxımından sosial medianı ən effektiv kommunikasiya kanallarından birinə çevirir.

 

Ən çox istifadə olunan məlumat mənbələri aşağıdakılardır:

  • Sosial media platformaları (Instagram, Snapchat, TikTok, YouTube)
  • Dost və tanış tövsiyələri 
  • Onlayn səyahət agentlikləri 
  • Turizm və səyahət agentlikləri
  • Səyahətin Planlaşdırılması və Qərarvermə Dövrü

Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrin vətəndaşları arasında son dəqiqə rezervasiyaları geniş yayılmışdır. Araşdırmalar göstərir ki, hər beş səyahətçidən ikidən çoxu aviabiletlərini uçuş tarixindən bir həftədən az müddət əvvəl alır.

Səudiyyə Ərəbistanında isə bu tendensiya daha qabarıq şəkildə müşahidə olunur. Onlayn rezervasiyaların təxminən 65%-i səyahət tarixindən iki həftə və ya daha az müddət əvvəl həyata keçirilir.

 

Satınalma Kanalları

Səudiyyə Ərəbistanı vətəndaşları səyahət məhsullarını əsasən aşağıdakı kanallar vasitəsilə əldə edirlər:

 

Onlayn səyahət agentlikləri

  • Turizm agentlikləri (xüsusilə “hər şey daxil” paketlər)
  • Aviaşirkətlərin rəsmi internet səhifələri vasitəsilə birbaşa rezervasiya
  • Agentliklərdə və satış ofislərində yerində rezervasiya
  • Hotellərin rəsmi internet səhifələri vasitəsilə birbaşa rezervasiya
  • Distribusiya Sistemi
  • Onlayn səyahət agentlikləri 
  • Expedia
  • Agoda
  • Wego
  • Almosafer
  • Musafir.com
  • Almatar
  • İxtisaslaşmış yerləşdirmə platformaları
  • Booking.com
  • Hotels.com
  • Airbnb

 

Səyahət Müddəti

Səudiyyə Ərəbistanından olan turistlərin orta səyahət müddəti 10–13 gün arasında dəyişir. Qısamüddətli səfərlər isə adətən 3–4 gecə davam edir.

Ailə üzvləri, uşaqlar və ev işçiləri ilə birlikdə səyahət edən turistlər daha uzun müddət qalmağa meyllidirlər. Bu turistlər əsasən həm şəhər turizmi, həm də təbiət əsaslı istirahət imkanlarını birləşdirən səyahətlərə üstünlük verirlər.

 

Turizm Sənayesi üzrə Məlumat

Aparıcı Turizm Şirkətləri

  • Al Tayyar Group
  • Cozmo Travel
  • Almosafer
  • Dulaiman Travel & Tours
  • Fursan Travel
  • Dadabhai Travel
  • dnata Travel
  • Al Faris International Travel & Tourism
  • Arjaa Travel & Tourism

 

Birbaşa Uçuşlar

Bazarda Əsas Tədbirlər

  • Riyadh Travel Fair 
  • KBLT Congress 
  • ATB Tədbirləri

 

Azərbaycanda Səudiyyə Ərəbistanı Turistləri: Əsas Göstəricilər

Gəlmə turistlər:

Səudiyyə Ərəbistanından Azərbaycana turist gəlişləri son on ildə əhəmiyyətli artım nümayiş etdirmişdir. Belə ki, 2014-cü ildə cəmi 507 nəfər olan turist sayı 2019-cu ildə pandemiyadan əvvəlki dövrdə 106 994 nəfərə çatmışdır.

COVID-19 pandemiyasının təsiri nəticəsində turist axını kəskin şəkildə azalaraq 2021-ci ildə 8 826 nəfər səviyyəsinə enmişdir. Bununla belə, bazar qısa müddətdə bərpa olunmuş və 2022-ci ildə turist sayı 96 290 nəfərə yüksəlmişdir. 2023-cü ildə bu göstərici 80 767 nəfər təşkil etmişdir.

2024-cü ildə Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 98 113 nəfərə çataraq bazarın sabit şəkildə bərpa olunduğunu göstərmişdir. Müsbət dinamika 2025-ci ildə də davam etmiş və turist gəlişlərinin sayı 104 364 nəfərə yüksəlmişdir. Bu göstərici 2024-cü illə müqayisədə 6,4% artım deməkdir və bazarın pandemiyadan əvvəlki ən yüksək səviyyəsinə yenidən yaxınlaşdığını göstərir.

Bu nəticələr Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı istirahət məqsədli səfərlər üçün cəlbedici istiqamət kimi qiymətləndirdiyini, həmçinin Səudiyyə Ərəbistanının Körfəz regionunda Azərbaycan üçün strateji əhəmiyyətə malik əsas mənbə bazarlardan birolduğunu təsdiqləyir.

Statistik Göstəricilər

 

Səfərin Məqsədi

2025-ci ildə Azərbaycan 104 364 nəfər Səudiyyə Ərəbistanı vətəndaşını qəbul etmişdir ki, bu da 2024-cü illə müqayisədə 6,4% artım deməkdir. Səudiyyə Ərəbistanı Yaxın Şərq regionunda Azərbaycanın əsas mənbə bazarlarından biri olaraq qalmaqdadır.

Səudiyyə Ərəbistanından gələn turistlərin böyük əksəriyyəti Azərbaycana istirahət və tətil məqsədilə səfər edir. Azərbaycanın zəngin təbiəti, ailə yönümlü turizm imkanları, mədəni irsi və əlverişli səyahət şəraiti, o cümlədən birbaşa uçuşlar və sadələşdirilmiş viza prosedurları Səudiyyə bazarında tələbin davamlı artmasına təkan verir.

 

Orta Xərclər

2025-ci ildə Səudiyyə Ərəbistanından gələn ziyarətçilər Azərbaycana səfərləri zamanı ümumilikdə 207,7 milyon AZN xərcləmişlər.

 

Əsas xərc kateqoriyaları aşağıdakı kimi olmuşdur:

 

Nəqliyyat xərcləri: təxminən 93,5 milyon AZN

Yerləşdirmə xərcləri: təxminən 43,2 milyon AZN

Qida və içki xərcləri: təxminən 41,4 milyon AZN

 

Bu göstəricilər Səudiyyə Ərəbistanı turistlərinin yüksək xərcləmə potensialına malik bazar olduğunu göstərir.

 

Qalma Müddəti

2025-ci ildə təxminən 45 130 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı Azərbaycanda 1–3 gecə, təxminən 38 571 nəfər isə 4–7 gecə qalmışdır.

Bu göstəricilər Səudiyyə turistləri arasında qısamüddətli istirahət səfərlərinin daha populyar olduğunu göstərsə də, əhəmiyyətli bir hissənin daha uzunmüddətli səyahətlərə üstünlük verdiyini də nümayiş etdirir.

 

Ən Populyar Regionlar

Səudiyyə Ərəbistanından gələn turistlərin Azərbaycanda ən çox ziyarət etdikləri istiqamətlər aşağıdakılardır:

  • Bakı
  • Qəbələ
  • Qusar
  • Quba
  • Şəki

Bu regionlar təbii gözəllikləri, dağ və meşə landşaftları, ailəvi istirahət imkanları və zəngin mədəni irsi ilə Səudiyyə turistləri üçün xüsusi cəlbediciliyə malikdir.

 

Turistlərin Üstünlükləri və Maraq Dairələri

Səudiyyə Ərəbistanından gələn turistlər Azərbaycanın təbii gözəlliklərini, qonaqpərvərliyini və milli mətbəxini yüksək qiymətləndirirlər. Eyni zamanda, Azərbaycan onların nəzərində halal və ailə yönümlü turizm üçün əlverişli istiqamət kimi formalaşmışdır.

 

Səudiyyə Ərəbistanı Bazarı üçün Azərbaycanın Turizm Məhsulları

Səudiyyə Ərəbistanı bazarı üçün Azərbaycanın turizm məhsulları üç kateqoriyaya bölünə bilər: “Hər kəs üçün” – ilk dəfə gələn bütün turistlər üçün tövsiyə olunan məhsullar, “Əlavə seçimlər” – daha uzunmüddətli və ya təkrar səfərlər zamanı təklif edilən məhsullar və “Xüsusi uyğunlaşdırılmış” – məhz Səudiyyə bazarının maraq və üstünlüklərinə uyğun məhsullar.

 

Məhsul Kateqoriyası

Hər kəs üçün

Əlavə seçimlər

Xüsusi uyğunlaşdırılmış

Dağlar və vadilər

—

• Quba rayonunda Təngəaltı kəndi • Quba rayonunda Afurca şəlaləsi

• Quba rayonunda Şahdağ Milli Parkının Xanəgah bölməsi

Milli parklar və təbiət əraziləri

• Quba rayonunda Gəçrəş meşəsi • Suvar kəndi • Qəbələdə Nohur gölü • Şəkidə Marxal Resort & Spa

• Yanar dağ

• Qəbələdə “Yeddi Gözəl” şəlaləsi

Tematik parklar və əyləncə mərkəzləri

• Şahdağ Turizm Mərkəzi • Tufandağ Dağ Kurortu • Qəbələnd Əyləncə Parkı • Şəkidə Xanland Əyləncə Mərkəzi • Qəbələ Atıcılıq Klubu

—

—

Alış-veriş

• Yerli bazarlar

• Port Baku Mall • Dəniz Mall • Crescent Mall

—

Qastronomiya

• Qara kürü

• Çay evləri, yerli şirniyyatlar və mürəbbələr • Milli mətbəx restoranları

—

Festivallar və tədbirlər

• Formula 1 Azərbaycan Qran-Prisi

—

—

İdman

—

• Xəzər dənizində su idman növləri

• Xizək fəaliyyəti • Zipline • Roller-koster (dağ attraksionu)

 

Əlavə Məlumat

Səudiyyə Ərəbistanının Xarici Turizm Bazarı üzrə Proqnoz

 

Səudiyyə Ərəbistanının xarici turizm bazarı sürətlə inkişaf etməyə davam edir. Proqnozlara əsasən, bazarın 2027-ci ilədək orta illik mürəkkəb artım tempi (CAGR) 15,28% təşkil edəcəkdir.

Daxili və regional səyahətlər öz aktuallığını qorusa da, Səudiyyə Ərəbistanı vətəndaşları getdikcə daha çox uzaq məsafəli istiqamətlərə üz tuturlar. Ən populyar istiqamətlər sırasında Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, İsveçrə, Türkiyə, Hindistan və Malayziya yer alır.

Birləşmiş Ərəb Əmirlikləri xaricə səfərlər üzrə ən çox ziyarət olunan istiqamətlərdən biri olaraq qalır, onu Türkiyə və İsveçrə izləyir. Son illərdə Səudiyyə turistlərinin davranışında nəzərəçarpacaq dəyişiklik müşahidə olunur. Belə ki, onlar Yaxın Şərq regionundan kənarda yeni, fərqli və daha zəngin təcrübələr təqdim edən istiqamətlərə üstünlük verməyə başlayıblar. Bu tendensiya inkişaf etməkdə olan və zəngin mədəni irsə malik turizm destinasiyaları üçün əhəmiyyətli kommersiya imkanları yaradır.

 

Səudiyyə Ərəbistanı Bazarı ilə İş üzrə Tövsiyələr

 Əlaqələrin İdarə Edilməsi

 

Səudiyyə Ərəbistanı bazarında uğurlu fəaliyyət üçün etibarlı işgüzar əlaqələrin qurulması və davamlı inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Topdansatış tərəfdaşları və turizm operatorları ilə uzunmüddətli əməkdaşlıq münasibətləri bazarda uğurun əsas amillərindən biridir.

 

Satış Görüşləri üçün Ən Uyğun Dövr

Satış görüşləri və təqdimatların keçirilməsi üçün ən əlverişli dövr yanvar ayının sonundan iyun ayınadək olan müddət hesab edilir. Bu dövr yay tətili mövsümündən və əsas turizm tədbirlərindən əvvəlki mərhələni əhatə etdiyindən bazar iştirakçıları ilə effektiv əməkdaşlıq imkanları yaradır.

 

Ünsiyyət Forması

Körfəz regionunda şəxsi münasibətlər və fərdi yanaşma mühüm rol oynayır. Buna görə də:

 

  • Üzbəüz görüşlərə üstünlük verilməsi tövsiyə olunur;
  • Onlayn görüşlər (Zoom və digər platformalar vasitəsilə) də effektiv kommunikasiya vasitəsi hesab edilir;
  • Səudiyyə turizm sənayesində son dəqiqə qərarları və dəyişiklikləri geniş yayıldığından çevik və operativ ünsiyyət vacibdir.

 

Prioritet Bazar Mərkəzləri

Səudiyyə Ərəbistanı bazarında fəaliyyət zamanı aşağıdakı şəhərlərə xüsusi diqqət yetirilməsi tövsiyə olunur:

 

  • Riyad
  • Ciddə
  • Dammam
  • Mədinə

 

Bu şəhərlər ölkənin əsas iqtisadi və turizm mərkəzləri olmaqla yanaşı, xarici səyahətlərə ən yüksək tələbin formalaşdığı bazarları təmsil edir.

  • Haqqımızda
  • strategiya
  • karyera
  • tədbirlər
  • tenderlər
  • Azərbaycan destinasiyası
  • nəşrlər
  • brend haqqında
  • hədəf bazarları
  • İşgüzar tədbirlər
  • Azərbaycan İşgüzar Tədbirləri haqqında
  • tərəfdaşlar

© Bütün hüquqlar qorunur 2025. Azərbaycan Turizm Bürosu.

bizimlə
əlaqə qurun

[email protected]

əlaqə saxlayın

Azərbaycan Turizm Bürosu
Üzeyir Hacıbəyli küçəsi, 134
AZ1010, Bakı, Azərbaycan.

© Bütün hüquqlar qorunur 2025. Azərbaycan Turizm Bürosu.