Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 10–14 noyabr tarixlərində Çin Xalq Respublikasının Çuntsin, Şençjen və Çendu şəhərlərində Azərbaycan turizm potensialının tanıdılması məqsədilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə iştirak edən 11 yerli turizm şirkəti ümumilikdə150 Çin turizm şirkətinə öz turizm məhsullarını təqdim edib. Görüşlər zamanı Azərbaycanın istirahət və biznes turizmi üzrə imkanları barədə məlumat verilib, tərəflər arasında birbaşa əlaqələrin qurulmasına şərait yaradılıb.
Tədbirlər çərçivəsində keçirilən B2B formatlı görüşlər tərəfdaşlıq imkanlarının genişləndirilməsi, gələcək əməkdaşlıqların müzakirəsi və Çin bazarında Azərbaycanın əsas destinasiya kimi tanıdılmasına xidmət edib.
Ümumilikdə, üç şəhərdə baş tutan silsilə tədbirlər ATB-nin Çinlə turizm əlaqələrinin genişləndirilməsi və çinli səyahətçilərin Azərbaycana marağının artırılması istiqamətində fəaliyyətini davam etdirdiyini bir daha təsdiqləyib.