Azərbaycan Turizm Bürosunun təşkilatçılığı və 8 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Azərbaycanın turizm imkanları Körfəz ölkələrində təqdim edilib.
Belə ki, noyabr ayında Küveyt, Doha, Muskat, Əbu-Dabi və Dubay şəhərlərində keçirilən silsilə tədbirlər regionun aparıcı turizm şirkətləri, turoperatorları və media qurumlarından 420-dən çox nümayəndəni bir araya gətirib.
Tədbirlərin əsas məqsədi Azərbaycanın istirahət turizmi və biznes tədbirləri üzrə potensialını təqdim etmək, həmçinin Azərbaycan və Körfəz ölkələrinin turizm sənayesi nümayəndələri arasında birbaşa əlaqələr yaratmaq olub. Hər şəhərdə təşkil olunan B2B formatlı görüşlər çərçivəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib və ölkəmizdə təklif olunan turizm məhsulları, səyahət paketləri haqqında ətraflı məlumat verilib.
Silsilə tədbirlər Dubayda keçirilən şəbəkələşmə tədbiri ilə yekunlaşıb. Tədbirdə media və turizm sənayesi nümayəndələri iştirak edib, gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, son illərdə ATB Körfəz regionunda fəaliyyətini genişləndirərək müxtəlif marketinq və media layihələri, eləcə də mühüm tədbirlərdə iştirakı ilə ölkənin tanıdılmasına töhfə verir. Sadələşdirilmiş viza rejimi və birbaşa aviareyslərin artması isə Körfəz ölkələrindən Azərbaycana gələn turist axınının artmasına şərait yaradır.