Azərbaycan Turizm Bürosunun Vyetnamın Hanoy şəhərinə təşkil olunan rəsmi səfəri çərçivəsində 8 sentyabr 2025-ci il tarixində turizm əməkdaşlığının inkişafına həsr olunmuş bir sıra görüşlər və tədbirlər keçirilib.
Proqram ATB və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən Hanoy Ticarət və Turizm Kolleci (HCCT) ilə əməkdaşlıq çərçivəsində təşkil edilən “Experience Azerbaijan” tədbiri ilə başlayıb. HCCT kampusunda keçirilən tədbirin məqsədi Azərbaycanın zəngin və müxtəlif turizm imkanlarını təqdim etmək, turizm fəaliyyəti üzrə təcrübə mübadiləsi aparmaq və ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Tədbirdə Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit iştirak ediblər.
“Ötən həftə Azərbaycan Turizm Bürosu Ho Şi Min şəhərində keçirilən ITE sərgisində ölkəmizin aparıcı turizm şirkətləri ilə birlikdə iştirak edib. Bu uğurlu təqdimatın ardınca bu gün Hanoyda yerli turizm sənayesinin nümayəndələri ilə görüşərək əməkdaşlıq imkanlarını genişləndirməkdən böyük məmnuniyyət duyuruq”– deyə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit açılış nitqi zamanı bildirib.
“Experience Azerbaijan” tədbirində Vyetnam Sosialist Respublikasındakı 12 diplomatik nümayəndəlik təmsilçiləri, turizm sənayesi nümayəndələri, turizm agentlikləri və tələbələr iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılar Azərbaycanın zəngin təbiəti, mədəni irsi və turizm potensialı ilə tanış olublar. Proqram, eyni zamanda, iki ölkə arasında turizm əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ortaq təşəbbüslərin və praktiki əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb.
Tədbirdən sonra ATB nümayəndələri Vyetnam Milli Turizm Administrasiyasının sədr müavini Nguyen Thi Hoa Mai, həmçinin VietJet Air aviaşirkətinin rəhbər heyəti ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu təşəbbüslər Azərbaycan və Vyetnamın turizm, aviasiya və mədəni əlaqələrdə birgə yanaşmasını göstərir.