Azərbaycanın turizm potensialı bu il 5-7 fevral tarixlərində İstanbulda keçirilən dünyanın beş böyük turizm sərgisindən biri hesab olunan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT - 2025”) beynəlxalq auditoriyaya nümayiş etdirilir.
Sərgi çərçivəsində milli stendimiz 10 yerli turizm sənayesi nümayəndəsi və "Azərbaycan Hava Yolları" QSC-ni bir araya gətirir. Burada ziyarətçilərə ölkəmizin turizm imkanları, unikal mədəni və təbii irsi, o cümlədən qastroturizm, şərabçılıq marşrutları, qış turizmi və dağ-xizək kurortları, eləcə də UNESCO siyahısında yer alan mədəni irs abidələri haqqında ətraflı məlumat verilir. Bundan əlavə, stendimizdə Azərbaycanın zəngin qastronomiyasını tanıtmaq məqsədilə milli şirniyyatlarımız- şəkərbura, paxlava da təqdim olunur, beləliklə, ziyarətçilər ölkəmizin mətbəx ənənələrini daha yaxından tanımaq imkanı əldə edirlər.
Sərgi boyunca keçirilən B2B formatında görüşlərdə Azərbaycanın turizm sektorunun geniş imkanları beynəlxalq tərəfdaşlara tanıdılır. 95 ölkənin iştirak etdiyi bu prestijli platforma Azərbaycanı yeni bazarlara açmaq və mövcud əməkdaşlıq əlaqələrini möhkəmləndirmək baxımından önəmli fürsət yaradır.
Azərbaycanda son illərdə həyata keçirilən turizm strategiyaları və innovativ yanaşmalar nəticəsində 2024-cü ildə ölkəmizə səyahət edən türkiyəli turistlərin sayı 13% artaraq 426 241 nəfərə çatıb. Beləliklə, Türkiyə ötən il Azərbaycana ən çox səyahət edən ikinci ölkə kimi qeydə alınıb. EMITT 2025 sərgisində iştirak Azərbaycanın bu bazardakı mövqeyini daha da möhkəmləndirməyə və yeni turizm konseptlərini geniş auditoriyaya tanıtmağa imkan yaradır.
Azərbaycanın təbiətini, mədəniyyətini və turizm sahəsində baş verən yenilikləri beynəlxalq aləmdə təbliğ etmək ölkənin prioritet istiqamətlərindəndir. EMITT 2025 sərgisi bu məqsədə nail olmaq yolunda mühüm addımlardan biri kimi qiymətləndirilir.