31 yanvar – 2 fevral tarixlərində Karaçidə keçirilən Pakistan Travel Mart (PTM) 2025 sərgisində və 4-5 fevral tarixlərində İslamabadda təşkil olunan PTM Roadshow-da iştirak edən Azərbaycan Turizm Bürosu, Pakistan bazarındakı mövcudluğunu daha da gücləndirməyi hədəfləyir. Bundan əlavə, ATB İslam Əməkdaşlıq Təşkilatının (OIC) tərkib hissəsi olan İslam Ticarət və İnkişaf Palatası (ICCD) tərəfindən təşkil olunan Dayanıqlı Turizm Forumunda da təmsil olunur. Bu tədbirlər Azərbaycanı Pakistanlı səyahətçilər üçün əlçatan və cəlbedici turizm məkanı kimi təqdim etmək üçün əhəmiyyətli platformadır.
Pakistan Travel Mart çərçivəsində, Azərbaycan Turizm Bürosu “Azərbaycan Hava Yolları” (AZAL) və altı yerli turizm tərəfdaşı ilə birgə təmsil olunur. Ziyarətçilərə Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi və mədəni abidələri, heyrətamiz təbiət mənzərələri və müasir turizm infrastrukturu təqdim edilir.
PTM çərçivəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Sengstschmid “Destinasiyaların Yenidən Təyin Edilməsi: Dayanıqlı Turizm və Davamlı Gələcək” adlı panel müzakirəsində iştirak edərək Azərbaycanın dayanıqlı turizm strategiyası haqqında fikirlərini bölüşüb. Eyni zamanda, ICCD-nin Dayanıqlı Turizm Forumunda “CEO-nun Baxışları: Dayanıqlı Turizm Destinasiyası - Özəl Sektor üçün Fürsətlər” panelində çıxış edən Sengstschmid, Azərbaycanın özəl sektorla əməkdaşlıq perspektivləri və dayanıqlı turizm təşəbbüsləri haqqında danışıb.
Azərbaycan Pakistanlı turistlər üçün rahat və əlçatan səyahət məkanıdır. İslamabad və Lahordan Bakıya AZAL tərəfindən birbaşa uçuşlar həyata keçirilir və 2025-ci ilin may ayından etibarən Karaçidən də uçuşların bərpası gözlənilir. Bundan əlavə, Pakistan vətəndaşları evisa.gov.az portalı vasitəsilə sadəcə üç gün öncədən e-viza əldə edə və ya 3-5 saat ərzində təcili viza ilə səfərlərini planlaşdıra bilərlər.
Azərbaycan Turizm Bürosunun Pakistan Travel Mart 2025 sərgisində iştirakı, Azərbaycan və Pakistan arasında turizm əlaqələrinin daha da inkişafına töhfə verməklə yanaşı, Pakistanlı turistləri ölkəmizin unikal mədəniyyətini, qonaqpərvərliyini və gözəlliklərini kəşf etməyə dəvət edir.