Yanvarın 22-dən 26-dək Madriddə keçirilən sərgidə Azərbaycan Turizm Bürosu və səkkiz yerli tərəfdaşı Azərbaycanın unikal cazibəsini və İspaniya bazarına artan uyğunluğunu vurğulayan maraqlı təqdimatlarla çıxış edəcəklər.
ATB bu il Azərbaycanı ispan turistləri üçün cəlbedici bir istiqamət kimi tanıtmağa xüsusi diqqət yetirəcək. Təqdimatlar çərçivəsində birbaşa aviareyslər vasitəsilə asan gediş-gəliş, zəngin mətbəx və qonaqpərvərlik mədəniyyəti ön plana çıxarılacaq. Sərgi ziyarətçiləri LED ekranlarda nümayiş olunan video materiallar vasitəsilə Azərbaycanın təklif etdiyi imkanlarla virtual şəkildə tanış olmaq imkanı əldə edəcəklər.
ATB-nin stendində qonaqlar Azərbaycanın ənənəvi şirniyyatlarının dadına baxaraq ölkəmizin zəngin kulinariya irsinə səyahət edə biləcəklər. Bununla yanaşı, hər gün iki dəfə təşkil olunan şərab dadımı sessiyaları Azərbaycanın şərabçılıq sahəsini təbliğ edəcək. Bu təcrübə ölkəmizin sürətlə qastronomiya mədəniyyətini tanıtmaqla yanaşı, Azərbaycanı qida və şərab həvəskarları üçün unikal bir məkan kimi möhkəmləndirəcək.
FITUR sərgisində, xüsusilə ilk üç gün ərzində, əsasən B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir. Həftəsonu isə sərgi həm B2B, həm də B2C (Biznesdən Müştəriyə) görüşlər üçün açıq olacaq. Stendi ziyarət edən qonaqlar ATB nümayəndələri və sənaye tərəfdaşları ilə görüşərək ölkəmizin turizm potensialı və qarşılıqlı biznes əməkdaşlıq imkanları ilə bağlı ətraflı məlumat əldə edəcəklər.