Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 9-14 dekabr tarixlərində Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.
İştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub. Planlaşdırılmış marşrut çərçivəsində Kəngərli dağlarından Əlincə qalasınadək bir çox turizm potensiallı məkanlar ziyarət edilib.
Həmçinin səfər zamanı nümayəndələr 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüşlər keçirərək, gələcəkdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edən turistlərin sayı 389 173 nəfərə çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14%-lik artımı göstərir. Bu dinamika iki ölkə arasında turizm əlaqələrinin getdikcə inkişaf etdiyini və Azərbaycanın Türkiyə üçün daha da cəlbedici bir məkan kimi formalaşdığını nümayiş etdirir.
Azərbaycan Turizm Bürosu bu təşəbbüslə həm ölkənin təbii və mədəni irsini dünya səviyyəsində tanıtmaq, həm də beynəlxalq əməkdaşlıqları genişləndirmək istiqamətində fəaliyyətini uğurla davam etdirir.