25 noyabr, 2024-cü il tarixində Seul, Cənubi Koreyada Azərbaycan Turizm Bürosu eksklüziv şam yeməyi və turizm imkanlarının təqdimatını keçirib. Tədbir Cənubi Koreyanın media, turizm sənayesi və influenserindən ibarət 60-dan çox tanınmış nümayəndəni bir araya gətirərək, Azərbaycanın müxtəlif turizm imkanlarını araşdırmağa və dəyərli əlaqələr qurmağa imkan yaratdı.
Tədbir axşamı rəsmi qarşılama mərasimindən sonra Azərbaycan Respublikasının Cənubi Koreyadakı səfiri Ramin Həsənov, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Sengstschmid və Azərbaycan Hotellər Assosiasiyasının sədri Eldar Əlimuradov açılış nitqləri ilə çıxış etdilər. Büronun İdarə heyətinin sədri öz çıxışında Cənubi Koreya ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarının artmasına diqqət çəkərək, Azərbaycanın Şərq və Qərb arasında unikal və çox önəmli körpü rolunu oynadığını vurğuladı.
Tədbir zamanı bildirildi ki, Cənubi Koreya turoperatorları Azərbaycan Hava Yolları (AZAL) aviaşirkət vasitəsilə Bakı ilə Seul arasında yeni birbaşa çarter reysi yerinə yetirəcək. İki dinamik şəhər arasında ilk çarter reysi 2 may 2025-ci il tarixində başlayacaq və iyulun ortalarına qədər fəaliyyət göstərəcək, bu tarix Azərbaycan ilə Koreya arsındakı əlaqələrin gücləndirilməsində əlamətdar mərhələ kimi yadda qalacaq. İlk uçuş müntəzəm həftəlik xidmətin başlanğıcını qoyaraq, hər həftənin cümə günü həyata keçiriləcək. Yeni marşrut Seul ilə Bakı arasında səyahət müddətini on iki saatdan yeddi saata qədər əhəmiyyətli dərəcədə azaldacaq.
Tədbirdə təqdim olunan ətraflı təqdimat iştirakçıları Azərbaycanın möhtəşəm təbiəti, tarixi abidələri və zəngin mədəniyyəti ilə tanış etdi. Təqdimatda Bakının memarlıq möcüzələri, Şəkinin UNESCO siyahısına daxil edilmiş irsi, həm macəra, həm də istirahət üçün imkanlar təqdim edən sakit Qəbələ bölgəsi kimi əsas turistik məkanlara xüsusi diqqət yetirildi.
Tədbirdə Azərbaycanın aparıcı turizm şirkətləri və təşkilatlarının, o cümlədən Azərbaycan Hotellər Assosiasiyasının nümayəndələri də öz xidmətlərini təqdim etdilər. Bu təqdimatlar Cənubi Koreya turistləri üçün Azərbaycanın lüks yerləşdirmə yerlərindən tutmuş zəngin mədəniyyət turlara qədər təklif etdiyi xüsusi səyahət təcrübələri haqqında ətraflı məlumat verdi.
Şam yeməyi zamanı Azərbaycan nümayəndələri Cənubi Koreyalı qonaqlarla turizm sektorunda tərəfdaşlıqlar və qarşılıqlı inkişaf imkanlarını müzakirə etdilər. Gecəyə əlavə həyəcan qataraq, keçirilən lotereyada Azərbaycanda sponsorlu səyahətlər, hoteldə gecələmələr və mədəni təcrübələr kimi mükafatlar təqdim olundu.
Tədbir vida nitqi və açıq şəbəkələşmə sessiyası ilə başa çatdı. Bu sessiya iştirakçılara əlaqələri dərinləşdirmək və rahat mühitdə potensial əməkdaşlıq imkanlarını araşdırmağa imkanı verdi.
Bu uğurlu tədbir Azərbaycan Turizm Bürosunun zəngin tarixi, canlı mədəniyyəti və dünya səviyyəli qonaqpərvərliyi ilə tanınan Azərbaycanı ziyarət üçün mütləq məkan kimi təşviq etməklə bağlı səylərinin növbəti addımı oldu.
Azərbaycan haqqında daha ətraflı məlumatı www.azerbaijan.travel saytında tapa bilərsiniz.
Azərbaycan Turizm Bürosu (ATB) haqqında:
Azərbaycan Turizm Bürosu (ATB) Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yanında yaradılmış milli təbliğat qurumudur. Onun əsas məqsədləri Azərbaycanın turizm sənayesinin inkişafına dəstək vermək, ölkənin zəngin mədəni irsini tanıtmaq və qonaqları Azərbaycanın qədim irsini kəşf etməyə təşviq etməkdir.
Ətraflı məlumat üçün tourismboard.az saytına daxil olun.