Azərbaycan Turizm Bürosu (ATB) 12 yerli tərəfdaş ilə birlikdə 22-24 may tarixlərində “Riyadh Travel Fair” sərgisində iştirak edir.
"2022-ci ilin pandemiyadan əvvəlki vəziyyətə keçid ili olduğunu hesab edirik və düşünürük ki, Yaxın Şərq bu keçid dövründə mühüm rol oynayacaq. Səudiyyə Ərəbistanından turistləri yenidən qarşılamağımıza şadıq və əminik ki, Azərbaycanın yeni turizm təklifləri onları qane edəcək”, deyə ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Davamlı turizmin inkişafı üzrə işlərini davam etdirən ATB-nin fəaliyyəti nəticəsində Transqafqaz cığırlarına Şəki-Zaqatala və Quba-Qusar marşrutları daxil edilmişdir. Slou Fud səyahət konseptinin suptropik cənub zonasına genişləndirilməsi üçün işlər davam edərkən isə quş müşahidəçiliyi üzrə mövcud imkanların tanıdılması üçün beynəlxalq platformalarda Azərbaycanın bu istiqamət üzrə potensialı haqqında ətraflı məlumat yerləşdirilmişdir.
Digər tərəfdən, ölkədə ailəvi istirahət üçün təkliflərin sayı artmaqdadır. Bunlardan bəziləri “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ərazisində istifadəyə verilmiş dağ yelləncəyi, Şahdağ Turizm Mərkəzində “dağ kosteri” kimi də tanınan “Alpine Coaster” attraksionudur. Adıçəkilən hər iki mərkəzdə off-road turlardan kvadrasikla qədər müxtəlif əyləncə növləri mövcuddur. Azərbaycana səyahət edənlər eyni zamanda Şamaxıda safari turlarına qoşula, alpaka fermasını ziyaərət edə və Şamaxıya gedərkən son vaxtlar bərpa olunmuş, 15-ci əsrə aid Diri Baba türbəsinə baş çəkə bilərlər.
Paytaxt Bakı şəhərində isə Qafqaz regionunun ən böyük ticarət mərkəzi olan “Dəniz Mall”da “Kinderland” əyləncə mərkəzində uşaqlar əylənərkən böyüklər də dəniz sahilindəki restoranlarda sakit abu-havadan həzz ala, Xalça Muzeyini ziyarət edə və ya Kiçik Venesiyada qondola gəzintisinə çıxa bilərlər.
2022-ci il ərzində Ritz Carlton, Hotel Indigo və Wyndham Garden hotellərinin, eləcə də Palçıq Vulkanları Turizm Kompleksinin açılışı, Basqal kəndində bərpa işlərinin tamamlanması kimi yeni xəbərlər gözlənilir. Qarabağ regionunda isə açıq havada istirahətdən sağlamlıq və rekreasiyaya qədər müxtəlif istiqamətlər üzrə turizm təkliflərinin hazırlanması üzrə işlər gedir.
2021-ci ildə körfəz ölkələrindən Azərbaycana səyahət edənlərin sayı 32,000, bu ilin birinci rübündə isə 22,000-i keçmişdir. Səudiyyə Ərəbistanından ölkəyə səyahət edənlərin sayı 2019-cu ilin birinci rübü ilə müqayisədə 20% artmışdır.
Hal-hazırda Azərbaycan Hava Yolları, Qatar Airways, Flydubai, Flynas, Air Arabia və s. kimi hava yolu şirkətləri tərəfindən idarə edilən birbaşa uçuşların sayının artması ilə körfəz ölkələri daxil olmaqla, 101 ölkənin 18 yaşdan yuxarı vətəndaş və rezidentləri tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənədi (COVID pasport) təqdim edərək Azərbaycana səfər edə bilərlər.
Daha ətraflı məlumat üçün Azerbaijan.travel veb saytınız ziyarət edə bilərsiniz.