14-16 mart tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) uzun müddətdən sonra ölkənin turizm sənayesi ilə bağlı yenilikləri bölüşmək məqsədilə Hindistanın Mumbay şəhərində keçirilən “OTM” sərgisində iştirak edir.
“Uzun fasilədən sonra Azərbaycanın turizm imkanlarının Hindistanda yenidən tanıdılması bizi çox sevindirir. Hindistan Azərbaycanın gəlmə turizmi üçün əsas bazarlardan biri olaraq qalır və qısa müddətdə bu möhtəşəm ölkədən turistləri ölkəmizə cəlb etmək üçün fəaliyyətimizi genişləndirməyə başlayacağıq”, ATB-nin Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
Uzun müddətdir ki, davamlı turizm təkliflərinin hazırlanması üzrə çalışan ATB eyni zamanda ölkənin mövcud resurslarının mühafizəsi və gücləndirilməsini prioritet qəbul edərək fəaliyyətinə davam edir.
Buna misal olaraq, 2021-ci ildə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, ATB və “Slow Food International” təşkilatı tərəfindən ortaq şəkildə həyata keçirilən layihə çərçivəsində ərsəyə gətirilmiş Slou Fud səyahət konseptidir. Ölkənin şimal-qərb bölgələrində təqdim edilən bu təcrübə üçün 60 yerli tərəfdaş qastronomik xidmətlər və yerləşmə seçimləri təmin edir. Bu konseptin düyü, çay plantasiyaları və sitrus meyvə bağları kimi özünəməxsus təklifləri ilə seçilən subtropik cənub zonasına doğru genişləndirilməsi planlaşdırılır.
ATB eyni zamanda ölkənin şimal və şimal-qərb marşrutları üzrə uzaq dağ kəndlərindən keçən 16 yeni haykinq cığırı ilə xüsusi irəliləyiş əldə etmişdir. Bundan əlavə, 97 km-lik Şəki-Zaqatala haykinq marşrutu Transqafqaz cığırlarına daxil edilmişdir və növbəti marşrutların əlavə edilməsi də gözlənilir.
Azərbaycan öz maraqlı landşaftı və quş növləri ilə quş müşahidəçiliyi üzrə də məşhurlaşmağa başlayır. Bu istiqamət üzrə də işlər davam etməkdədir.
ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri də Qarabağ regionunda turizm təkliflərinin ərsəyə gətirilməsidir. Artıq bir beynəlxalq hava limanının açılışının olduğu bu regionda daha iki beynəlxalq hava limanı tikilir. Eyni zamanda açıq havada istirahət, sağlamlıq və rekreasiya, eləcə də mədəni marşrutlar kimi müxtəlif istiqamətlər üzrə turizm təkliflərinin hazırlanması üçün işlər davam edir.
Qeyd edək ki, 10-12 iyun tarixlərində 6-cı Formula 1 Azərbaycan Qran Prisi baş tutacaq. 2021-ci ildən fərqli olaraq, tamaşaçılar Fevral ayından başlayaraq yarış biletlərini əldə edə bilərlər.
2022-ci il üçün planlaşdırılan işlər arasında Palçıq Vulkanları Turizm Kompleksinin açılışı xüsusi yer tutur. Burada kvadrasikl, zip-layn, uşaqlar üçün emalatxana və s. kimi fəaliyyətlər ziyarətçilərin palçıq vulkanlarına səfərini daha yaddaqalan edəcək.
Digər tərəfdən, toy təşkilatçıları daxil olmaqla, Hindistandan gələn qonaqların ən yüksək səviyyədə qarşılayacaq Courtyard by Marriott Baku və InterContinental Baku kimi lüks hotellərin sırasına Ritz-Carlton və Hotel Indigo hotellərinin daxil edilməsi gözlənilir. Aşağı büdcəyə uyğun butik hotellərin də olduğu şəhərdən uzaqlaşmaq istəyənlər isə təbiət qoynunda yerləşən kiçik hotelləri seçə bilərlər.
Yeni turizm təkliflərinin təqdim edilməsi də davam edir. Qafqaz dağlarının əhatəsində Şamaxıda safari turu, Şahdağ Turizm Mərkəzində “dağ kosteri” kimi də tanınan “Alpine Coaster” attraksionu, zip-layn, trekkinq və s. kimi açıq hava fəaliyyətləri ilə yanaşı paytaxt Bakı şəhərində dünyanın ilk neft tankeri muzeyi və yenidən bərpa edilmiş zoopark yeni təkliflər arasındadır.
2021-ci ildə 790 min xarici vətəndaşın səfər etdiyi Azərbaycan 2022-ci ildə də turistləri təhlükəsiz, davamlı və maraqlı təkliflərlə qarşılamağa hazırdır. Azərbaycanın turizm sənayesi üçün əsas hədəf bazarlardan biri olan Hisdistandan gələn turistlərin sayının da tezliklə artması proqnozlaşdırılır.
Hal-hazırda 87 ölkənin vətəndaş və rezidentləri hava yolu ilə Azərbaycana səfər edə bilərlər. 18 yaşdan yuxarı şəxslər tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd (COVID pasport), eləcə də uçuşdan 72 saat əvvəli əhatə edən neqativ PCR testini təqdim edərək Azərbaycana giriş edə bilərlər. Azyaşlılar üçün isə sadəcə ikinci sənəd tələb olunmaqdadır.
Daha ətraflı məlumat üçün Azerbaijan.travel veb saytınız ziyarət edə bilərsiniz.