Azərbaycan Turizm Bürosu (ATB) 9-12 fevral tarixlərində 2022-ci il üçün planlar haqqında lazımi tərəfdaşları məlumatlandırmaq, eləcə də Türkiyəli həmkarlarla əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Türkiyənin İstanbul şəhərində keçirilən “EMITT” (Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi) sərgisində iştirak edir.
“EMITT sərgisində iştirakımız nəinki yeni turizm təkliflərinin tanıdılması, həmçinin Türkiyəli həmkarlarımızla daha yaxından əməkdaşlıq etmək üçün xüsusi önəm daşıyır”, - deyə ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Ölkədə davamlı turizmin inkişafı istiqamətində ciddi addımlar atan rəsmi qurum bu istiqamət üzrə maraqlanan səyahətçilər üçün yeni təkliflər irəli sürür.
Bunlardan biri 2021-ci ildə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində ərsəyə gətirilmiş Slou Fud səyahət konseptidir. Ölkənin şimal-qərb bölgələrində təqdim edilən bu təcrübənin özünəməxsus qida məhsulları və mətbəxi ilə seçilən subtropik cənub zonasına doğru genişləndirilməsi planlaşdırılır.
Digər tərəfdən, Azərbaycana məxsus ilk marşrutun Transqafqaz cığırlarına daxil edilməsi ilə haykinq həvəskarları üçün maraqlı təkliflər hazırlanır. Uzunluğu 97 km olan bu marşrut Şəkidən başlayır və ölkənin şimal bölgəsinin ən əzəmətli nöqtələrindən keçərək Zaqatalaya qədər davam edir. Bu təcrübəni daha yüksək səviyyəyə çatdırmaq üçün dağ bələdçiləri məktəbinin yaradılması və bu sahədə türk peşəkarların təcrübəsindən yararlanmaq nəzərdə tutulur.
ATB ölkənin unikal coğrafi xüsusiyyətlərə, möhtəşəm landşaft, iqlim xüsusiyyətləri və faunaya malik olduğunu nəzərə alaraq quş müşahidəçiliyi üzrə imkanlarına da xüsusi diqqət ayırır.
Ötən il başladılmış turizm təcrübələrinin əkmilləşdirilməsi ilə yanaşı yeni təkliflər üzərində işlər də davam edir. Qafqaz dağlarının əhatəsində Şamaxıda safari turu, Şahdağ Turizm Mərkəzində “dağ kosteri” kimi də tanınan “Alpine Coaster” attraksionu, zip-layn, trekkinq və s. kimi açıq hava fəaliyyətləri ilə yanaşı paytaxt Bakı şəhərində dünyanın ilk neft tankeri muzeyi və yenidən bərpa edilmiş zoopark yeni təkliflər arasındadır.
Eyni zamanda 2022-ci ildə isə Palçıq Vulkanları Turizm Kompleksinin , eləcə də Ritz-Carlton və Hotel Indigo hotellərinin açılışı planlaşdırılır.
Füzuli Beynəlxalq Hava limanının açıldığı Qarabağ regionunda daha iki beynəlxalq hava limanı üçün tikinti işləri davam edir. Eyni zamanda burada müxtəlif istiqamətlər üzrə səyahət təcrübələrinin hazırlanması üzrə davamlı işlər gedir.
Statiskaya əsasən, Azərbaycanın beynəlxalq sərhədlərinin açılmasından bu yana Türkiyədən gələn turistlərin sayında artım müşahidə olunur. Belə ki, 2021-ci ildə Türkiyə Azərbaycana ən çox turistin gəldiyi ölkələr arasında ikinci yeri tutmuşdur. Bu rəqəmlərin 2022-ci ildə daha da artması gözlənilir.
Hal-hazırda 70 ölkənin vətəndaş və rezidentləri hava yolu ilə Azərbaycana səfər edə bilərlər. 18 yaşdan yuxarı Türkiyə vətəndaşları tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd (COVID pasport), eləcə də uçuşdan 72 saat əvvəli əhatə edən neqativ PCR testini təqdim edərək sadəcə şəxsiyyət vəsiqələri ilə Azərbaycana giriş edə bilərlər. Azyaşlılar üçün isə sadəcə ikinci sənəd tələb olunmaqdadır.
Daha ətraflı məlumat üçün Azerbaijan.travel veb saytınız ziyarət edə bilərsiniz.