10 oktyabr, 2021: Azərbaycan Turizm Bürosu (ATB) bu gündən etibarən “Expo 2020 Dubai” sərgisində iştirakına start verib. ATB-nin sərgi çərçivəsində təşkil edəcəyi silsilə tədbirlərdən birincisi Azərbaycanın pandemiyadan sonrakı yeni tələblərə uyğunlaşdırılan turizm təkliflərinin təqdimatına həsr olunub.
Belə ki, Azərbaycanın təbiətdən ilham alınaraq tərtib olunmuş pavilyonunda baş tutan tədbirdə ölkənin davamlı turizm sənayesinin genişləndirilməsi üçün görülən işlər təqdim edilib.
ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid daxil olmaqla, tədbirdə çıxış edən spikerlər pandemiya nəticəsində zərər çəkmiş turizm sənayesinin bərpası üçün davamlı turizm strategiyalarının əhəmiyyətini vurğulayıblar.
“Ötən il turizm sənayesinin qarşılaşdığı böyük çətinliklərdən sonra Azərbaycan daha təhlükəsiz şəkildə səyahət axtarışında olan insanları cəlb etmək üçün fürsətləri dəyərləndirməyə başladı. Azərbaycanın əlverişli iqlim şəraiti və landşaft müxtəlifliyi bu dövrün tələblərinə uyğun səyahət təklifləri hazırlamağa imkan verir. Bunu nəzərə alaraq gördüyümüz işlər nəticəsində ölkənin müxtəlif təbii və mədəni təkliflərinin tam potensialını üzə çıxara bilmişik”, - deyə cənab Zenqstşmid bildirib.
Yaxın Şərqdən turistləri Azərbaycanın yeni turizm imkanlarını kəşf etməyə çağıran cənab Zenqstsşmid “Expo 2020 Dubai” sərgisinin davamlı turizm və innovasiya çərçivəsində ərsəyə gətirilən çoxsaylı turizm təkliflərinin təqdim edilməsi üçün mükəmməl bir platforma olduğunu da qeyd edib.
Davamlı turizm təklifləri arasında “Slou Fud” layihəsi xüsusi qeyd olunub. “Slou Fud” beynəlxalq layihəsinin nadir məhsulları özündə cəmləşdirən “Dad gəmisi” milli turizm məhsulunun təqdimatı baş tutub. Belə ki, Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının həmtəsisçisi Orxan Muxtarov tərəfindən “Dad gəmisi”nə daxil olan Ruşanka soğanı, Ata-baba fındığı, Qafqaz camışının süd məhsulları və s. kimi inqredientlərdən maraqlı təamlar hazırlanaraq qonaqlara təqdim edilib.
Bu, turizm sənayesinin pandemiyadan əvvəlki səviyyəyə qaytarılması üçün ərsəyə gətirilmiş çoxsaylı təşəbbüslərdən yalnız biridir. Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səyahət edən beynəlxalq turistlərin sayı rekord həddə çataraq, 10 faizi Yaxın Şərqə aid olmaqla, 3,2 milyon təşkil etmişdir. İyun ayından etibarən isə beynəlxalq sərhədlərin tədricən açılmasından bu yana Azərbaycana, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən olmaqla, bu regiondan gələn turistlərin sayında sabit artım müşahidə olunmaqdadır.
Hal-hazırda Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı daxil olmaqla, 42 ölkənin 18 yaşdan yuxarı vətəndaş və rezidentləri tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim edərək hava yolu ilə Azərbaycana səfər edə bilərlər. 18 yaşdan kiçik sərnişinlər üçün isə uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması kifayətdir.
Ən son məlumatlardan xəbərdar olmaq üçün Azerbaijan.travel vebsaytını ziyarət etməyinizi xahiş edirik.