“Expo 2020 Dubai” sərgisində iştirakına davam edən Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü ilə 11 noyabr, 2021-ci il tarixində interaktiv panel sessiyası və turizm nümayəndələri üçün milli təamların təqdim edildiyi nahar təşkil olunub.
Azərbaycanın təbiətdən ilham alınaraq tərtib olunmuş pavilyonunun Terra auditoriyasında baş tutan panel sessiyasında “Seera Group” şirkətinin Vitse prezidenti Muzammil Ahussain, “Wego” şirkətinin Yaxın Şərq üzrə Baş meneceri Mamoun Hmedan, “Al Rais Travel” şirkətinin Direktor müavini Mohamed Al Rais və ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid çıxış edib.
Hazırkı vəziyyətin və turizm sənayesinin müxtəlif perspektivlərdən inkişaf etdirilməsi üçün gələcək planlar haqqında müzakirələrin əhəmiyyətini vurğulayan cənab Zenqstşmid bildirib: “‘Azərbaycan Həftəsi’ daxil olmaqla,“Expo 2020 Dubai” sərgisi çərçivəsində təşkil etdiyimiz silsilə tədbirlər davam edir. Daha bir müzakirə platformasında turizm sənayesinin gələcək vəziyyəti ilə bağlı mühüm tərəfdaşlar ilə birgə fikir mübadiləsi aparmaqdan məmnuniyyət hissi duyuruq”.
Davamlılıq, innovasiya və rəqəmsal xidmətlərin əhəmiyyətini vurğulayan cənab Zenqstşmid ATB-nin daha məsuliyyətli və maraqlı səyahət təcrübələrinin hazırlanması ilə bağlı planlara davam etdiyini ifadə edib.
Azərbaycan ənənəvi səyahət təcrübələrinin yeni tələblərə uyğunlaşdırılması baxımından nümunəvi turizm istiqamətlərindən biridir. Ölkənin bənzərsiz maddi və qeydi-maddi sərvətləri, əlverişli iqlimi, landşaft müxtəlifliyi və ləzzətli mətbəxi, eləcə də qonaqpərvər insanları davamlı turizmin tərəqqisinə imkan verərək təkmilləşdirilmiş təkliflər təqdim etməyə imkan verir.
Qeyd edək ki, ötən bir neçə həftə ərzində Azərbaycanın Qafqaz dağlarının möhtəşəm təbiəti və bənzərsiz kəndlərindən keçən haykinq marşrutları, quş müşahidəçiliyinə imkan verən möhtəşəm mənzərəli yerlər, Palçıq Vulkanları Turizm Kompleksi, turistlərə yerli kulinariya ənənələri ilə yaxından tanış olmağa imkan verən Slou Fud səyahət marşrutu və digər təcrübələr haqqında geniş məlumatlar turizm peşəkarlarına təqdim edilmişdir.
ATB pandemiya başlayandan bu yana həm yerli və beynəlxalq tərəfdaşlarla əlaqənin itməməsi, həm də müvafiq tərəfdaşların təlimləndirilməsi, eləcə də səyahət təcrübələrinin təkmilləşdirilməsi məqsədilə bir sıra onlayn platforma və innovativ layihələr irəli sürmüşdür. Bunlara yerli sənaye tərəfdaşlarının dəstəklənməsi üçün başladılan “Macəra Yaxındadır” ölkədaxili turizm kampaniyası, dünyanın müxtəlif ölkələrində fəaliyət göstərən turizm nümayəndələri üçün “Azerbaijan 101” onlayn təlim platforması, yerli turizm nümayəndələri üçün peşəkar təlimlər keçən “Turizm Təlim və Sertifikasiya Mərkəzi”, yerli vətəndaş və rezidentlər üçün “Ölkədaxili Rezervasiya Platforması”, regionlarda turizm üzrə startapların dəstəklənməsi üçün “RİTM – Reginal İnnovativ Turizm Məhsulu”, üstünlük verilən təcrübələrə və səyahət müddətinə uyğun olaraq şəxsi marşrut planlaşdırmağa imkan verən “Rəqəmsal Səyahət Planlayıcısı”nı misal göstərmək olar.
Hal-hazırda Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı daxil olmaqla, 65 ölkənin 18 yaşdan yuxarı vətəndaş və rezidentləri tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim edərək hava yolu ilə Azərbaycana səfər edə bilərlər. 18 yaşdan kiçik sərnişinlər üçün isə uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması kifayətdir.
Ən son məlumatlardan xəbərdar olmaq üçün Azerbaijan.travel vebsaytını ziyarət etməyinizi xahiş edirik.