11 fevral 2020: Azərbaycan israilli turistlərin sevimli destinasiyası kimi mövqeyini möhkəmləndirir. 2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 17.3% artım deməkdir. Azərbaycana İsraildən səfər edən turistlərin böyük əksəriyyəti yay tətilləri zamanı, yəni iyun ayında (6,500 nəfər) səfər etmişdir.
Turistlərin Azərbaycana gəlməsində Azərbaycan Turizm Bürosunun start verdiyi “Bir daha bax” kampaniyası da böyük rol oynamışdır.
“İsrail bizim üçün ən vacib bazarlardan biridir. Əminəm ki, Azərbaycana artıq səfər edənlər ölkəmizin mədəni və memarlıq inciləri, unikal mətbəxi və müasir paytaxtına vurulub. Azərbaycana hələ ziyarət etməyənlər üçün isə buranı kəşf etmək üçün geniş imkanlar var” deyə IMTM sərgisində iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
"İsrailli turistləri Azərbaycanın zəngin turizm potensialına malik bir destinasiya olduğu barədə məlumatlandırmaq üçün gördüyümüz tədbirlər bəhrəsini verir. Tel-Əviv ilə Bakı arasında qısa üç saatlıq birbaşa uçuş və münasib qiymətlə unikal təcrübə əldə etmək imkanı çoxsaylı israilli turistləri Azərbaycana cəlb edəcək" deyə Əsgərov qeyd etmişdir.
O, həmçinin bildirmişdir ki, 2019-cu ilin ilk 3 rübündə 15 mindən çox İsrail vətəndaşı Azərbaycanda 4-7 gecə, 13,500 nəfər 1-3 gecə, qalanları isə 8 və daha çox gecə keçirmişdir.
Qeyd edək ki, Bakı, Quba, Oğuz, İsmayıllı və Azərbaycanın digər bölgələrində yəhudi irsinə aid müxtəlif abidələr mövcuddur. Ölkədə 7 sinaqoq fəaliyyət göstərir. Bakıda 2003-cü ildə açılmış sinaqoq isə Avropanın ən böyük sinaqoqlarından biri hesab olunur. Turistlər həmçinin Atəşgah, Yanardağ, Qobustan, palçıq vulkanları, İçərişəhər və digər məkanları əhatə edən yəhudi irs turlarında iştirak edə bilərlər.
İsrail vətəndaşları üçün evisa.gov.az portalında vizanın rəsmiləşdirilməsinin qiyməti $24, hava limanında isə $26-dır. Ölkədə 15 gündən artıq müvəqqəti qalan turistlər olduqları yer üzrə Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir.