9-14 avqust tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) ilk dəfə olaraq ABŞ-ın Nevada ştatında keçirilən “Virtuoso Travel Week 2026” tədbirində iştirak edir.
Dünyanın 100-dən çox ölkəsindən minlərlə aparıcı turizm sənayesi nümayəndəsini bir araya gətirən tədbir yeni işgüzar əlaqələrin qurulması və biznes imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli platforma rolunu oynayır.
Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən turizm şirkətləri ilə 100-ə yaxın B2B formatında işgüzar görüş keçirilərək Azərbaycanın lüks turizm məhsulları və turizm potensialı beynəlxalq turizm sənayesi nümayəndələrinə təqdim olunur.
“Virtuoso” lüks və təcrübə əsaslı səyahətlər üzrə ixtisaslaşan aparıcı qlobal şəbəkələrdən biridir. Şəbəkə 20 mindən çox turizm məsləhətçisini, həmçinin hotellər, kruiz şirkətləri və turoperatorlar da daxil olmaqla 2 200-dən çox şirkəti özündə birləşdirir.