9-12 iyul tarixlərində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi Absheron Hotel Group (AHG) ilə əməkdaşlıq çərçivəsində Türkiyənin işgüzar turizm (MİCE) nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edib.
Proqram çərçivəsində Türkiyənin aparıcı (MICE) turizmi şirkətlərini təmsil edən 10 mütəxəssis ölkənin işgüzar turizmi imkanları, zəngin mədəni irsi və milli mətbəxi ilə yaxından tanış olub.
İştirakçılar Bakı şəhərinin müasir tədbir infrastrukturu, beynəlxalq şəbəkəyə daxil olan hotelləri və işgüzar tədbirlərin təşkili üçün mövcud imkanlarla tanış olublar.
Səfər çərçivəsində 60-a yaxın turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B formatında işgüzar görüş təşkil olunub. Görüş iştirakçılar arasında yeni əməkdaşlıq imkanlarının müzakirəsi, işgüzar əlaqələrin yaradılması və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.
Turizm sənayesi nümayəndələri arasında birbaşa işgüzar əlaqələrin inkişafına töhfə verən təşəbbüs Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə, MICE turizmi üzrə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə və yeni biznes imkanlarının yaradılmasına xidmət edib.