9 iyul tarixində Azərbaycan Turizm Bürosunun (ATB) Pekində rəsmi nümayəndəlik ofisi tərəfindən Pekin şəhərində fəaliyyət göstərən turizm agentlikləri, fərdi səyahət şirkətləri, tur operatorları və MICE agentliklərinin 15-ə yaxın nümayəndəsinin iştirakı ilə “Azərbaycanın Turizm Destinasiyasının Təqdimatı” adlı tədbir təşkil olunub.
Tədbir Çin turizm sənayesinin aparıcı nümayəndələri ilə əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanın zəngin turizm potensialının tanıdılması və ölkəmizin Çinin xarici turizm bazarında cəlbedici turizm istiqaməti kimi mövqeyinin möhkəmləndirilməsi məqsədini daşıyıb.
Sessiya çərçivəsində iştirakçılara Azərbaycanın əsas turizm istiqamətləri, ilboyu təqdim olunan səyahət təcrübələri və Çin bazarının tələblərinə uyğun turizm məhsulları barədə ətraflı məlumat verilib. Tədbirin proqramı turizm məhsullarının təqdimatı, sual-cavab sessiyası və gələcək əməkdaşlıq imkanlarının müzakirə olunduğu interaktiv görüşlə davam edib.
Proqram çərçivəsində təşkil olunan dequstasiya zamanı qonaqlara ənənəvi Azərbaycan çayı, milli şirniyyatlar və yerli qırmızı şərab təqdim olunaraq, ölkəmizin zəngin qonaqpərvərlik ənənələri və kulinariya irsi nümayiş etdirilib.
Tədbir Çin turizm sənayesi nümayəndələri arasında Azərbaycanın turizm potensialı barədə məlumatlılığın artırılmasına, yeni işgüzar əlaqələrin qurulmasına, eləcə də Çin bazarında gələcək tanıtım fəaliyyətləri və turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verib.