31 May - 5 iyun tarixlərində Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Rusiyadan olan 9 aparıcı turizm şirkəti nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Səfər çərçivəsində Azərbaycanın şərab turizmi potensialı nümayiş etdirilib, ölkəmiz şərab turizmi (enoturizm) sahəsində cəlbedici istiqamətlərdən biri kimi tanıdılıb və Rusiya turizm sənayesi nümayəndələri ilə əməkdaşlıq əlaqələri gücləndirilib.
Altı günlük proqram çərçivəsində iştirakçılar Bakı, Gəncə, Şəki, Qəbələ, İsmayıllı və Şamaxıda yerləşən şərab zavodlarına səfər edərək Azərbaycanın zəngin şərabçılıq ənənələri ilə tanış olublar.
İştirakçılar həmçinin Qəbələdə yerləşən Tufandağ Qış-Yay Turizm Kompleksini və bir sıra yerləşmə obyektlərini də ziyarət edərək Azərbaycanın dağ və istirahət turizmi imkanları barədə məlumat əldə ediblər.
Tanışlıq səfəri çərçivəsində Azərbaycanın şərab turizmi (enoturizm) məhsullarının Rusiya bazarında tanıdılması və yeni biznes tərəfdaşlıqlarının qurulması məqsədilə 50-dən çox yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Rusiya turizm şirkətləri arasında B2B görüşlər keçirilib.