26-28 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən Madrid Qidalar Qovşağı Beynəlxalq Konqresində (Madrid Fusion 2026) Beynəlxalq Qastronomiya Konqresi çərçivəsində Azərbaycanın qastroturizm imkanları beynəlxalq auditoriyaya təqdim olunub. Tədbir çərçivəsində milli qastronomiya stendində Azərbaycan mətbəxinin nümunələri, o cümlədən Slow Food “Dad gəmisi” siyahısına daxil olan biomüxtəliflik məhsulları, milli qənnadı məmulatları və quru meyvələr nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub.
Konqres çərçivəsində milli mətbəxin təqdim olunduğu ustad dərsləri və dequstasiyalar təşkil edilib. Milli stend ölkəmizin İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov, eləcə də “elBulli” fondunun direktoru, “Michelin” ulduzlu usta aşpaz Ferran Adrian tərəfindən ziyarət edilib.
İşgüzar səfər çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ilə beynəlxalq qastronomik təsnifat olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim, həmçinin “Madrid Fusion”un qurucusu və “Gastroactitud” jurnalının təsisçisi Jose Carlos Capel ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın qastronomiya məhsullarının beynəlxalq miqyasda tanıdılması və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Bundan əlavə, Azadə Hüseynova San-Sebastiyan şəhərində “Bask Kulinariya Mərkəzi”nin direktoru Joxe Mari Aizeqa ilə görüş keçirib. Görüşdə Avropada qastronomiya və kulinariya sənətinə həsr olunmuş ilk universitet, qastronomiya üzrə ali təhsil, praktik tədris metodikası və peşəkar mübadilə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin “Gault&Millau” qastronomik bələdçisinin İdarə Heyətinin vitse-prezidenti Juan Karlos Torres və BMT Turizmin Baş katibi xanım Şeyxa Nasir əl-Novais ilə görüşlər keçirilib. Görüşlərdə qastronomiya turizmi, milli mətbəxin beynəlxalq platformalarda təşviqi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.