Azərbaycan Turizm Bürosu (ATB) Çində Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə seminarlar silsiləsini davam etdirir.
Cari ilin dekabr ayında Çinin Çanşa və Syamen şəhərlərində turizm sənayesi nümayəndələri üçün iki seminar təşkil olunub.
Seminarlarda ümumilikdə 120-dən çox Çin turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirlər zamanı iştirakçılara destinasiya təqdimatları vasitəsilə ölkənin əsas səyahət marşrutları haqqında ətraflı məlumat verilmiş, həmçinin interaktiv sessiyalar keçirilmişdir.
Qeyd edək ki, cari ilin noyabr ayından başlayaraq Çinin müxtəlif şəhərlərində təşkil olunan seminarlar Azərbaycanın Çin bazarında tanıtımının gücləndirilməsinə və ölkəyə gələn Çinli turist axınının artmasına töhfə verib.