27-29 noyabr tarixlərində Azərbaycan Turizm Bürosu, Özbəkistanın Daşkənd şəhərində keçirilən “Tashkent International Tourism Fair” (TITF 2025) sərgisində ölkəmizin turizm imkanlarını nümayiş etdirir.
Bu il sərgidə Azərbaycan “TITF 2025”in “Tərəfdaş Ölkəsi” seçilib.
Sərginin açılış mərasimində DTA sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək Azərbaycan və Özbəkistan arasında inkişaf etməkdə olan turizm əlaqələri, birgə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
“Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla 12 yerli turizm şirkətinin iştirakı ilə sərgidə ölkəmizin tarixi-mədəni irsi, milli mətbəxi, şərabçılıq ənənələri, eləcə də sağlamlıq və qış turizmi üzrə mövcud imkanlar haqqında ziyarətçilərə məlumat verilir, beynəlxalq turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosu və Özbəkistan Milli PR Mərkəzi arasında keçirilən görüşdə mövcud tərəfdaşlıq çərçivəsində İpək Yolu irsinin tanıdılması istiqamətində birgə təşəbbüslərin davam etdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və ortaq mədəni irsin təbliği məsələləri müzakirə olunub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 50 971 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% artım deməkdir.