Noyabrın 17-də Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, həmçinin I2I Group-un birgə təşkilatçılığı və Azərbaycan Hava Yolları (AZAL), Absheron Hotel Group, Baku Marriott Boulevard Hotel, The Ritz-Carlton, Gabala Hospitality Group və Ulu Hospitality kimi tərəfdaşların sponsorluğu ilə Bakıda ilk dəfə olaraq təşkil olunan Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən “Çin Ziyarətçiləri Sammiti” (China Visitors Summit) keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. O bildirib ki, bu kimi tədbir və təşəbbüslər Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcək.
Çin Xalq Respublikasının səfiri Lu Mey bildirib ki, Çin və Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib. O qeyd edib ki, bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid çıxışı zamanı ATB-nin Çinin turizm və media tərəfdaşları ilə geniş əlaqələr qurmaq üçün davamlı olaraq göstərilən fəaliyyətlərindən danışıb. Çinin aparıcı platformaları ilə davam edən əməkdaşlıq, həyata keçirilən layihələr və ölkəmizə səyahət edən çinli turistlər üçün peşəkar bələdçilərin hazırlanmasına yönəlmiş yeni təlim proqramının planlaşdırıldığı diqqətə çatdırılıb.
“Çin Ziyarətçiləri Sammiti” Çin turizm şirkətlərinin iştirakı ilə hər il dünyanın müxtəlif ölkələrində keçirilərək ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilən beynəlxalq platforma kimi çıxış edir. Bakıda ilk dəfə təşkil olunan tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Tədbir çərçivəsində Çin turizm şirkətlərinin Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərlərinin təşkili və regional turizm potensialının tanıdılması planlaşdırılır.
Qeyd edək ki, 2024-cü il ərzində Çindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2023-cü il ərzində səyahət edənlərlə müqayisədə 94% artaraq 44,798 nəfərə çatıb. 2025-ci ilin yanvar-oktyabr ayları ərzində Çindən Azərbaycana səyahət edən xarici vətəndaşların sayı isə 57 000 nəfərdən çox olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 49% artım deməkdir.