Azərbaycan Turizm Bürosu (ATB) 14–16 oktyabr tarixlərində Çinin Suçjou və Xanqcou şəhərlərində seminarlar təşkil edib. Seminarların məqsədi ölkənin müxtəlif turizm təkliflərini yerli turizm agentliklərinə təqdim etmək və yerli turizm sənayesi nümayəndələrinə Azərbaycanı inkişaf edən turizm destinasiyası kimi tanıtmaq olub.
Suçjou və Xanqcou şəhərlərində keçirilən seminarlar ümumilikdə təxminən 90 alıcını bir araya toplayıb. Seminarlarda, həmçinin turizm sənayesi tərəfdaşlarımız Absheron Hotel Group (AHG) və PASHA Travel şirkətləri təqdimatlarla çıxış ediblər. Azərbaycanın turizm imkanlarını və səyahət marşrutlarını əks etdirən video təqdimat nümayiş etdirilib, həmçinin sual-cavab sessiyası keçirilib.
Bu təşəbbüslər, Azərbaycan Turizm Bürosunun Asiya bazarındakı mövqeyini gücləndirmək və Çinli səyahətçilər üçün ölkəmizi əsas turizm istiqaməti kimi təqdim etmək məqsədini daşıyan genişmiqyaslı strategiyasının tərkib hissəsidir.