UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan və tarixi İpək Yolu şəhəri olan Şəki, 11 oktyabr tarixində Azərbaycana ilk dəfə genişmiqyaslı “Slow Food” təcrübəsini gətirən “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edəcək. Tədbir Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Slow Food, Azərbaycan Turizm Bürosu (ATB) və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlığı ilə təşkil olunur.
Festival çərçivəsində “Dad gəmisi” kataloqundan 30-a yaxın kiçik fermer və istehsalçı iştirak edəcək, qonaqlar isə dequstasiya sessiyalarında yer alaraq Azərbaycan qastronomiyasını yaxından kəşf edə biləcəklər.
“Terra Madre Şəki” festivalı illərdir davam edən əməkdaşlıq və təşəbbüslərin nəticəsi olaraq ərsəyə gələn yeni mərhələdir. Festivalın əsas məqsədi kənd icmalarının balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli idarəsi və məhsuldar istifadəsinə töhfə verməkdir. “Slow Food” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan yanaşmadır.
Qeyd edək ki, tədbir oktyabrın 11-də Şəkinin tarixi mərkəzində yerləşən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun Karvansaray ərazisində, saat 12:00-dan 16:00-dək keçiriləcək və giriş sərbəst olacaq.
Daha ətraflı məlumat üçün: Ənənə və dadın qovuşduğu məkan Şəkidə “Slow Food” təcrübəsi