Azərbaycan Turizm Bürosu (ATB) 29 sentyabr tarixində Virtuoso tərəfindən təşkil olunan Latın Amerikasının turizm mütəxəssislərini bir araya gətirən xüsusi vebinarda Azərbaycanı unikal turizm məkanı kimi təqdim edib.
Sessiya zamanı ölkənin mədəni ənənələri və tarixi abidələri, müxtəlif aktiv fəaliyyətləri və qış turizm imkanları nümayiş etdirilib. Həmçinin Azərbaycanın zəngin mətbəxi və qonaqpərvərlik ənənələrinə xüsusi diqqət ayrılıb.
Vebinar Azərbaycanın cəlbedici turizm istiqaməti kimi tanıdılmasına, həmçinin Latın Amerikası üzrə turizm tərəfdaşları ilə səmərəli əlaqələrin qurulmasına töhfə verib. Vebinarda Argentina, Meksika və digər Latın Amerikası ölkələrindən olan bir sıra şirkətlər iştirak edib.
Virtuoso-nun geniş şəbəkəsi 50-dən çox ölkəni əhatə edir və özündə 20,000-dən çox yüksək səviyyəli səyahət məsləhətçisi ilə 2,200 elit səyahət təchizatçısını birləşdirir. Fərdi və təcrübəyə əsaslanan səyahətlərə fokuslanması ilə tanınan Virtuoso, yüksək gəlirli səyahətçiləri dünya üzrə unikal və eksklüziv təkliflərlə əlaqələndirir.