15–19 sentyabr tarixlərində Azərbaycan Turizm Bürosu Çinin Pekin, Şanxay və Quançjou şəhərlərində yol şouları təşkil edərək çinli və azərbaycanlı turizm sənaye nümayəndələrini bir araya gətirib. Görüşlər çərçivəsində ATB nümayəndələri və turizm sənaye tərəfdaşları çinli şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Pekində başlayan proqram çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Bünyad Hüseynovla səfirlikdə görüşüb..
Proqramın diqqətçəkən məqamlarından biri Azərbaycan Turizm Bürosu ilə Çinin aparıcı onlayn turizm platforması Qunar arasında Anlaşma Memorandumunun imzalanması olub. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan Qunarın geniş rəqəmsal kanalları vasitəsilə Çin bazarında birgə təbliğ olunacaq və innovativ yanaşmalar tətbiq edilməklə ölkəmizin premium turizm istiqaməti kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək.
Ardınca Şanxay şəhərində davam edən yol şousu çərçivəsində isə Çinin aparıcı onlayn turizm platforması Fliggy nümayəndələrinin iştirakı ilə B2B görüş baş tutub. Fliggy, Trip.com və 8Continents kimi aparıcı turizm şirkətlərinin qatıldığı işgüzar şam yeməyi 60 çinli və 20 azərbaycanlı nümayəndə arasında birbaşa dialoq və əməkdaşlıq üçün imkan yaradıb.
Son olaraq, yol şou Quançjouda davam edib və burada Çinin ən böyük turizm şirkətlərindən biri olan Guangdong China Travel Service B2B görüşlərində iştirak edərək yeni əlaqələrin qurulmasına və Azərbaycanın cəlbedici istiqamət kimi tanınmasına töhfə verib.