Azərbaycan Turizm Bürosu (ATB) Çin şirkəti i2i Group ilə əməkdaşlıq çərçivəsində 16–21 noyabr 2025-ci il tarixlərində “China Visitor Summit” (CVS) Baku 2025” tədbiri çərçivəsində B2B görüşləri və tanışlıq turu təşkil edəcək. Bu təşəbbüsün məqsədi Azərbaycan və Çin arasında turizm əlaqələrini gücləndirmək və ölkənin müxtəlif turizm imkanlarını Çinin aparıcı turizm mütəxəssislərinə nümayiş etdirməkdir.
17 noyabr tarixində keçiriləcək B2B görüşləri çərçivəsində Çindən gələn 50 tur operatoru yerli turizm sənayesinin nümayəndələri (hotellər, turizm şirkətləri, MICE agentlikləri) ilə bir araya gələcək. Proqram çərçivəsində biznes sessiyaları, tərəfdaş təqdimatları, mətbuat konfransı keçiriləcək. Tədbir Absheron Hotel Group, The Ritz-Carlton, Baku, ULU Hospitality Group və Gabala Hospitality Group kimi tərəfdaşlar tərəfindən dəstəklənilir.
2008-ci ildə i2i Group tərəfindən yaradılmış CVS tədbiri Çindən olan aparıcı turizm agentliklərini beynəlxalq səyahət təchizatçıları ilə əlaqələndirmək məqsədilə təşkil edilmişdir. Dünyanın müxtəlif yerlərində 36-dan çox uğurlu tədbirə ev sahibliyi etmiş CVS-nin Bakıda ilk dəfə keçirilməsi Azərbaycanın Çin turizm bazarında mövqeyini gücləndirmək, hər iki ölkənin turizm sektorunun nümayəndələri arasında birbaşa əlaqələri inkişaf etdirmək və Çin bazarından Azərbaycana turizm və işgüzar səfərlərin artımına təkan vermək məqsədi daşıyır.
Görüşdən sonra sammit çərçivəsində Azərbaycanın şimal-qərb marşrutu üzrə tanışlıq turu təşkil olunacaq. Tur boyunca iştirakçılara Azərbaycanın ən cəlbedici istiqamətlərindən bir neçəsi təqdim ediləcək. İştirakçılar Qəbələdə yerləşən Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksinin xizək imkanları və Qaxın füsunkar təbiət mənzərələri ilə tanış olacaqlar. Proqrama həmçinin mədəni zənginliyi və memarlıq irsi ilə tanınan, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki şəhərinin tarixi mərkəzinə səfər də daxil ediləcək.
Əlavə məlumat və tədbirin cədvəli ilə tanış olmaq üçün rəsmi CVS saytına daxil olun:
https://cvs.i2i-china.com/cvs-2025-baku/
Qeydiyyat linki: