Azərbaycanın işgüzar turizm imkanları BƏƏ-də tanıdılıb Azərbaycan Turizm Bürosu (ATB) və Bakı Konqres Mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü “MALT” (Meetings Arabia & Luxury Travel) Konqresində təmsil olunub.
Tədbirdə Yaxın Şərq regionunun işgüzar tədbirlər və lüks səyahət sahəsi üzrə aparıcı mütəxəssisləri sənayenin inkişaf edən trendlərini müzakirə etmək, strateji əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını qiymətləndirmək məqsədilə bir araya gəliblər.
Konqres zamanı Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20-dən çox B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri və ümumilikdə biznes tədbirləri üçün imkanları haqqında məlumat verilib.
Müxtəlif ölkələrdən 250-dən çox nümayəndənin qatıldığı tədbirdə 15 saatdan çox şəbəkələşmə imkanı çərçivəsində 1800-dən çox ikitərəfli görüş təşkil olunub.