Azərbaycanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə Özbəkistanın Daşkənd şəhərində “İpək Yolu üzərində turizm” mövzusuna həsr edilmiş Daşkənd Beynəlxalq Turizm Sərgisində (TITF) təmsil olunur.
Milli stenddə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə birlikdə ümumilikdə 9 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.
Sərgi ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir, xarici turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Sərgi çərçivəsində “Şahdağ” Turizm Mərkəzinin də üzv olduğu Avrasiya Dağ Kurortları Alyansının nümayəndələrinin iştirakı ilə tədbir təşkil edilib. Tədbirdə Alyansın il ərzində üzv dövlətlərlə əməkdaşlıq əlaqələrinin artırılması istiqamətində həyata keçirdiyi işlər və yeniliklər qeyd edilib. Bununla yanaşı Alyans üzvlərinə və tədbir iştirakçılarına “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri tərəfindən kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat təqdim edilib. Tədbir zamanı növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili “Şahdağ” Turizm Mərkəzinə ötürülüb və tədbirin 2025-ci ilin mart ayında keçirilməsi qərara alınıb.
Daşkənd Beynəlxalq Turizm Sərgisi (TITF) Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur. Noyabrın 23-dək davam edəcək sərgidə 1500 iştirakçının, dünyanın bir sıra ölkələrindən ümumilikdə 15 mindən çox ziyarətçi və turizm sənayesi nümayəndəsinin qatılacağı gözlənilir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr dövrü ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 37 536 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% artımdır.