Azərbaycan Turizm Bürosu və AZAL-ın təqdimatında eksklüziv “Bakı Şəhər Turu” kampaniyası
Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) Bakıya gələn qonaqların səyahət təcrübəsini artırmaq məqsədilə yeni birgə kampaniya elan edib. Sentyabrın 29-dan dekabrın 29-na kimi Bakıya gələn turistlər Azərbaycana təşrif buyurduqdan sonra 48 saat ərzində “Bakı Şəhər Turu” avtobus biletlərinə 20% endirim əldə etmək üçün AZAL-in minik talonundan turistik vauçer kimi istifadə edə bilərlər. Bu təşəbbüs şəhər daxilində əngəlsiz və rahat səyahəti təşviq edəcək geniş miqyaslı səylərin bir hissəsidir.
Dünyanın 50-dən çox nöqtəsindən Bakı hava limanına uçuşlar həyata keçirən AZAL Azərbaycana üz tutan bütün turistlər üçün yadda qalan səyahət təşkil etməyi öhdəsinə götürmüşdür. Bakını qonaqpərvər məkan kimi tanıtmaq məqsədilə 29 sentyabr Azərbaycanda Turizm İşçiləri Günü münasibətilə AZAL sərnişinlərinə “Baku City Tour” avtobusla bir günlük pulsuz səyahət imkanı verərək AZAL və ATB-nin birgə səylərini daha da gücləndirdi.
Bakının məşhur Hop-On-Hop-Off avtobus turları hər gün saat 11:20-dən 16:40-a kimi Azərbaycan paytaxtının əsas görməli yerlərini kəşf etmək üçün əla fürsət təqdim edir. 25 km məsafəni cəmi 1,5 saata qət edən turda səkkiz dildə: azərbaycan, rus, ingilis, alman, fransız, fars, italyan və yapon dillərində audio bələdçi mövcuddur. Hər bir biletə turistlərə Bakının əsas turistik yerləri haqqında zəngin məlumat verən pulsuz qulaqlıqlar daxildir. Avtobus 15 məntəqənin hər birində 2-3 dəqiqə dayanaraq, sərnişinlərə şəkil çəkdirməyə və şəhər mənzərəsindən həzz almağa imkan verir. Heyran qaldığı ərazini daha ətraflı araşdırmaq istəyənlər isə bir saat sonra növbəti avtobusa minib yeni tura qoşula bilərlər. Marşruta Port Baku Mall, Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız Qalası, Alov Qüllələri və Dağüstü Park kimi əlamətdar yerlər daxildir.
Hava səyahəti və yerli ictimai nəqliyyatın üstünlüklərini birləşdirməklə, bu təşəbbüsün əsas məqsədi ziyarətçilərə Bakının görməli yerlərinin dərindən araşdırmağa təşviq edərək onlara əlavə dəyər və havadan yerüstü səyahətə daha rahat keçidi təmin etməkdir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi İçərişəhərdən tutmuş əlamətdar Alov Qüllələrinə və insanlarla qaynayan alış-veriş mərkəzinə kimi Bakı bütün səyahətçilərə yaddaqalan təcrübə vəd edən mədəniyyət, tarix və müasirliyin unikal qarışığını təqdim edir.
Bu proqram və həmçinin digər turizm təşəbbüsləri haqqında ətraflı məlumat əldə etmək üçün Baku City Tour saytına daxil olun.