Azərbaycan Turizm Bürosunun iştirakı ilə 25-26 sentyabr 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanın Riyad şəhərində keçirilən “Kingdom Business & Luxury Travel Congress” tədbirində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.
Konqresdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) “gümüş tərəfdaş” statusunda təmsil edir. Səudiyyə Ərəbistanın işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentlikləri ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib. “Kingdom Business & Luxury Travel Congress” tədbirində iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin ölkə tərəfindən tədqiqat fəaliyyətləri genişləndirmək kimi məsələlər daxildir. Bu səfərdən gözlənilən nəticə, Səudiyyə Ərəbistanın və Azərbaycan arasında turist axınının artması, o cümlədən iki olkə arasında işgüzar turizm tərəfdaşlığının möhkəmləndirilməsi və genişləndiriliməsidir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistandan ümumilikdə Azərbaycana 76 861 nəfər səfər edib ki, bu da 2023-cu il ilə (58 481 nəfər) müqayisədə 31%-dan çox artımdır.