3-8 iyun 2024-cü il tarixlərində Hindistan Respublikasının Banqalor, Pune və Kəlkətə şəhərlərində Azərbaycan turizminə həsr edilmiş yol şousu, həmçinin Mumbay şəhərində Mətbuat konfransı və Şəbəkələşmə tədbiri təşkil edilib.
3-8 iyun tarixlərində yuxarıda göstərilən şəhərlərin hər birində Hindistan Respublikasının 100-dən çox turizm nümayəndəsi, Azərbaycanın təmsil edən şirkətlər ilə görüşdü. Tədbirlərdə, ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə, “Azərbaycan Hava Yolları” və “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 9 yerli tərəfdaş təmsil edib. Tədbir Hindistan və Azərbaycan ticarət tərəfdaşları üçün iş və şəbəkələşmə imkanları vasitəsilə ticarət əlaqələrini asanlaşdırmaq və Hindistandakı ticarət tərəfdaşlarını yenilənmiş turizm təklifləri və təcrübələri, o cümlədən hotellər, əyləncə məkanları, marşrutlar və s. barədə ən son yeniliklərlə tanış etmək məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən keçirilib.
Səfər zamanı, iyunun 7-si, Azerbaycan Turizm Bürosunun təşkilatşılığı ilə Mumbay şəhərində 40-dan çox yerli media nümayəndəsinin iştirakı ilə, Azerbaycanın Hindistandakı yeni nümayəndəliyinin elan edilməsi ilə bağlı mətbuat konfransı təşkil edilib. Tədbir zamanı Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Hindistandakı nümayəndə “BRANDit” şirkətinin baş direktoru Lubaina Şeerazi Azərbaycanın Hindistan bazarında fəaliyyətlərinin artırılması, gələcək hədəflərini və planlarını bölüşüblər.
Bundan əlavə, 8 iyun 2024-cü ildə, ümumilikdə, 87 yerli turizm şirkəti və media nümayəndəsi Hindistanın Mumbay şəhərində şəbəkələşmə tədbirinə qatılıb.
Bu səfərdən gözlənilən nəticə, Hindistan və Azərbaycan arasında turizm axınının əlaqələndirilməsi və ticarət tərəfdaşlarının artırılmasıdır.