Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-18 may 2024-cü il tarixlərində Quançjou şəhərində keçirilən “GİTF 2024”-də (Quançjou Beynəlxalq Turizm Sərgisi) ilk dəfə ölkəmizin turizm imkanları təbliğ olunur.
Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə, “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi və Qoruqları İdarəetmə Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.
Stendin ziyarətçilərinə Azərbaycanın tarixi, turizm potensiallı məkanları, milli mətbəx nümunələri, şərabçılıq, UNESCO-nun Ümumdünya İrs Siyahısına yeni daxil olmuş “Xınalıq” və “Köç Yolu” mədəni landşaftları, Bakının İçərişəhəri, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və şimal-qərbdə yerləşən Şəki Tarixi Mərkəzi, o cümlədən işgüzar turizm imkanları haqqında geniş məlumat təqdim olunur.
Qonaqlara həmçinin Azərbaycanın milli şirniyyatlarını dequstasiya etmək imkanı yaradılıb.
Sərginin ilk günü ATB-nın Çindəki nümayəndəliyi tərəfindən destinasiya təqdimatı keçirilib, təqdimat zamanı Azərbaycanın turizm imkanları ətraflı nümayiş etdirilib.
Həmçinin 16 May 2024-cü il tarixində Azərbaycan Turizm Bürosu “China Outbound Tourism Research Institute” (Çin Xarici Turizm Araşdırmaları İnstitutu) tərəfindən təşkil olunmuş “Chinese Tourist Welcome Award 2024” (Çin Turizm Qarşılama Mükafatı) nüfuzlu mükafatına layiq görülüb.
Belə ki, Azərbaycan “Ümumi performans” (Overall Performance) kateqoriyasında gümüş yer qazanaraq, mükafatlandırılıb.
Bundan əlavə, ölkəmiz GİTF tərəfindən təşkil olunmuş müsabiqədə “Ən cazibədar turizm destinasiyası” (Most Charming Tourism Destination) kateqoriyasında ilk yerlə mükafatlandırılıb.
GİTF çərçivəsində Çindən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2,086,548 nəfər təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 30% artım deməkdir.