Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu fevralın 22-dən 24-dək Hindistanın Nyu-Delhi şəhərində keçirilən “SATTE” sərgisində iştirak edir.
Sərgidə Azərbaycan milli stendini “Şahdağ Turizm Mərkəzi” və ümumilikdə 19 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.
Beynəlxalq sərgidə 50-dən çox ölkədən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən 1200-dən çox iştirakçı, 35 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis, eləcə də 28 ölkənin turizm üzrə dövlət qurumu iştirak edir.
Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm, qış turizmi və Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında ətraflı məlumat verilir.
Sərgi çərçivəsində Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) təşkilatçılığı ilə keçirilən"Dünyada turizm sektorunun mövcud vəziyyəti, turizm tendensiyaları və səyahətə tələbatın artması ilə əlaqədar mehmanxanaların sayının artması" mövzusunda keçirilən panel diskussiyada Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədri Florian Zenqstşmid iştirak edib. Həmçinin sərgini Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elçin Hüseynli ziyarət etmişdir.
Bundan əlavə səfər müddətində, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Nyu-Deli şəhərində Azərbaycan turizminə həsr olunan tədbir təşkil edilib.Tədbirdə Hindistanın İndigo Hava Yolları ilə birgə 49 turizm şirkəti və 11 media nümayəndələri iştirak edib.
Tədbirin təşkil edilməsində məqsəd Azərbaycanın turizm imkanlarını, yerli turizm şirkətləri və hotelləri ilə Hindistanın turizm şirkətləri arasında əlaqələrinin qurulmasını təşviq etməkdir.
Qeyd edək ki, 2023-ci ilin yanvar ayında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 4,098 min nəfər təşkil etsədə, 2024-cü ilin yanvar ayında bu rəqəm artaraq 10,135 min nəfər təşkil edib və bu nəticə artmaqda davam edir.