Azərbaycan Turizm Bürosu (ATB) ölkənin mövcud sərvətlərini önə çıxaran bir sıra davamlı turizm layihələri ərsəyə gətirib.
2021-ci ildə ən çox Rusiya, Türkiyə və Yaxın Şərq ölkələrindən olmaqla, 790 min xarici vətəndaş Azərbaycana səyahət edib.
Pandemiyanın səbəb olduğu uzun fasiləyə baxmayaraq, 2021-ci il Azərbaycanın turizm sənayesi üçün olduqca uğurlu keçib.
Belə ki, ATB yaranmaqda olan səyahət tələblərinə cavab verən maraqlı turizm təcrübələri ərsəyə gətirib və beynəlxalq sərhədlərin tədricən açılmasından bu yana ölkəyə səyahət edənlərin sayı artıb. Qurum sıfırdan turizm təklifləri hazırlamaq əvəzinə ölkənin mövcud sərvətlərini gücləndirərək bu gün üçün səyahətsevərlərin gözləntilərini qarşılayacaq yeni təcrübələr təqdim edib.
Yeni turizm təkliflərinə Azərbaycanın şimal və şimal-qərb hissəsində istifadəyə verilən və uzaq dağ kəndlərindən keçən 16 yeni haykinq marşrutunu misal göstərmək olar. Bu marşrutların başlanğıcında yerləşdirilən nişan lövhələrində marşrutun xəritəsi və uzunluğu, GPS koordinatları, çətinlik səviyyəsi, eləcə də regionun fauna və florası haqqında maraqlı məlumatlar öz əksini tapır. Hal-hazırda isə Xınalıq-Ləzə marşrutu üzrə iş gedir.
Ölkədə mövcud olan yeni təcrübələrdən digəri isə Slou Fud Səyahət modelidir. Bu təcrübə turistlərə nadir qida məhsullarının yerli istehsalçıları, eləcə də milli qastronomik ənənələrlə tanış olmaq imkanı verir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş, ATB və beynəlxalq ‘Slow Food’ təşkilatı tərəfindən birgə həyata keçirilmiş layihə çərçivəsində ərsəyə gətirilən konsept kənd icmalarının iqtisadi dirçəlişini və rifahını təşviq etmək məqsədi daşıyır. Bu model üzrə ölkənin şimal-qərbində yaradılmış marşrutların cənuba doğru genişləndirilməsi planlaşdırılır.
Azərbaycan eyni zamanda cənubda bataqlıqlardan tutmuş şimalda dağ kəndlərinə qədər qarışıq landşaftı və milyonlarla maraqlı quş növünün yaşayış və köç məskəni olması sayəsində quş müşahidəsi üzrə getdikcə tanınan bir destinasiyaya çevrilməkdədir. Bu sahənin 2022-ci ildə də inkişaf etdirilməsi üçün işlər davam etdirilir.
Ötən il vacib layihələrdən biri olan Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulmuşdur. 2022-ci ildə açılışı planlaşdırılan bu kompleksə gələnlər palçıq vulkanlarını ziyarət etməklə yanaşı uşaqlar üçün emalatxana, kvadrotsikl ərazisi, zipline və s. kimi istirahət imkanlarından yararlana biləcəklər.
2021-ci ilin oktyabrında isə işğaldan azad olunmuş Qarabağ regionunda Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutmuşdur. Daha 2 hava limanının tikintisi isə davam etdirilir. Davamlı bərpa işləri aparılan Qarabağ nəinki təbii sərvət, eləcə də ölkənin mədəniyyət və tarixinə əsaslanan zəngin bir irsə malikdir. Bütün bunlar isə bu regionda müxtəlif istiqamətlərdə səyahət təcrübələrinin inkişaf etdirilməsinə imkan verir.
“Azərbaycanın zəngin təbii, mədəni və tarixi irsə malik olması olması burada cəlbedici və davamlı turizm təcrübələrinin inkişaf etdirilməsinə əsas verir”, - deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
ATB 2021-ci ildə yerli tərəfdaşların səmərəliliyinin artırılması üçün də bir sıra təşəbbüslər göstərmişdir. Bunlardan biri Milli Ulduz Təsnifatı Sisteminin təqdim edilməsi və beynəlxalq startdartlara cavab verən yoxlanışdan sonra 17 hotelin keyfiyyət sertifikatları ilə təmin edilməsi olmuşdur. Digər tərəfdən, yerli tur bələdçilərinin xidmət səviyyəsini artırmaq üçün təlimlər keçəcək və onların sertifikatlaşdırılmasını təmin edəcək Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanı təsis edilmişdir. Bunlarla yanaşı, əzəmətli dağlarla əhatələnmiş Xınalıq, eləcə də sənətkarların vətəni olan Basqal və Lahıcda infrastruktur üzrə bərpa işləri görülmüşdür.
2021-ci ilin sonunda isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Turizm haqqında” qanun layihəsi təsdiqlənmişdir. Belə ki, sözügedən qanun layihəsində müxtəlif mexanizmlər vasitəsilə turizm sahəsində sahibkarlığın dəstəklənməsi, turizm xidmətlərinin keyfiyyət səviyyəsinin yüksəldilməsi və turistlərin məmnunluğunun təmin edilməsi kimi məsələlər öz əksini tapır.
ATB eyni zamanda Qlobal Turizm Plastik Təşəbbüsünə qoşulmuşdur. Layihəyə qoşulmaqda əsas məqsəd turizm sektorunu ətraf mühitin plastik tullantılarla çirklənməsinə qarşı mübarizədə bir araya gətirmək və təkrar istifadə edilə bilən məmumalatların istehsalını təşviq etməkdir. “Bir planet” şəbəkəsinin Dayanıqlı Turizm Proqramı çərçivəsində hazırlanmış təşəbbüs BMT-nin Ətraf Mühit üzrə Proqramı (UNEP) və Ümumdünya Turizm Təşkilatı tərəfindən icra edilir.
2021-ci ilin ATB üçün əlamətdar yeniliklərindən biri isə uzun fasilədən sonra beynəlxalq turizm sərgilərində fiziki iştirakın bərpa edilməsi oldu. Birləşmiş Ərəb Əmirliklərində ‘ATM Dubai’ və “Expo 2020 Dubai”, Türkiyədə ‘ACE of M.I.C.E. Exhibition by Turkish Airlines’, Rusiyada ‘OTDYKH Leisure’ və ‘EXPOTRAVEL 2021’, eləcə də ilk dəfə Qətərdə ‘Qatar Travel Mart’ sərgisində iştirak edən qurum ölkənin yeni turizm təkliflərini və pandemiya dövrünə necə uyğunlaşdığı ilə bağlı məlumatları lazımi tərəfdaşlara çatdırmışdır.
Azərbaycanda turizm sənayesinin inkişafı beynəlxalq tərəfdaşların da gözündən yayınmamışdır. Belə ki, ATB Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış “İter Vitis” maddi və qeyri maddi şərabçılıq mədəni marşrutunun mükafatları arasında “Ən yaxşı transsərhəd şərab turizmi məhsulu” mükafatı ilə təltif olunmuşdur. Eyni zamanda Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2021-ci il üzrə Avropanın Aparıcı Mədəni Destinasiyası və Avropanın Aparıcı Ekskursiya Destinasiyası nominasiyalarında birinci yerə layiq görülmüş, Bakı şəhəri isə Türkiyənin “Uzakrota” platformasının təşkil etdiyi səyahət mükafatları çərçivəsində “Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri” nominasiyası üzrə qalib elan olunmuşdur.
Statistik hesabatlar isə göstərir ki, bu il ölkəyə səyahət edənlərin sayında artım müşahidə olunur. 2021-ci ildə ən çox Rusiya, Türkiyə və Yaxın Şərq ölkələrindən olmaqla, Azərbaycana 790 min xarici vətəndaş səyahət etmişdir. 2020-ci il ilə müqayisədə bu say 1% az olsa da, beynəlxalq sərhədlərin açılmasın etibarən ayrı-ayrı aylar üzrə gələnlərin sayı kifayət qədər artmışdır.
Hal-hazırda 68 ölkənin vətəndaşları və rezidentləri müəyyən şərtlərlə Azərbaycana hava yolu ilə səfər edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlərdən tam vaksinasiya olunmaları və ya COVID-19 xəstəliyindən sağalmaları barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması tələb olunur. 18 yaşdan aşağı şəxslərin isə yalnız sonuncu sənədi təqdim etmələri kifayətdir.