Avqustun 20-də milli “Ləzzət gəmisi” menyusu ictimaiyyətə təqdim olunub. Menyu Avropa İttifaqının maliyyələşdirdiyi “Böyük Qafqaz Dağları Bölgəsində İcma əsaslı Dəyər Zəncirinin İnkişafı” (COVCHEG) layihəsi çərçivəsində, dadlı, təmiz və ədalətli qida anlayışlarını özündə birləşdirən “Slou fud“ (“Slow Food”) fəlsəfəsi əsasında hazırlanıb.
“Ləzzət gəmisi“ menyusu beynəlxalq “Slou fud” kataloqunda tezliklə yox ola biləcək məhsullar siyahısının bir hissəsi olan üzüm, düyü, qoz-fındıq və digər yerli inqrediyentlərdən istifadə edilməklə hazırlanıb. Bundan başqa, bu məhsullar “Slow Food Presidia” tərəfindən bir araya gətirilən yerli fermer və qida istehsalçıları tərəfindən hazırlanır. Bu istehsalçılar keyfiyyətli istehsalın davam etdirilməsinə, ənənəvi emal üsullarının bərpasına, yerli cinsləri, yerli bitki növlərini, eləcə də unikal bölgələri və ekosistemləri qorumağa təşviq edilir.
“Ləzzət gəmisi” menyusunun təqdimatı Azərbaycanın süfrəyə yenidən qoyulmalı yerli məhsullar barədə məlumatlılığın artırılmasında və ölkədə daha davamlı təcrübələrin inkişaf etdirilməsində başqa bir mərhələdir” – deyə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid bildirib.
Qeyd edək ki, “Ləzzət gəmisi” və “Presidia”ya əlavə olaraq, COVCHEG layihəsi çərçivəsində “Slow Food Travel” (SFT) konsepsiyası da hazırlanıb. SFT konsepsiyasının hazırlanmasında məqsəd yerli fermerlər, çobanlar, şərabçılar, qəssablar və çörəkçilərlə görüşmək və yerli qastronomiya ənənələri haqqında daha çox məlumat əldə etməklə birinci əl kulinariya təcrübələri ilə səyahəti birləşdirməkdir.
Avropa İttifaqı tərəfindən maliyyələşən COVCHEG layihəsi yerli qastronomiya və mədəni irsin təbliğinin vacibliyi nəzərə alınmaqla, “Slou fud” beynəlxalq təşkilatı ilə Azərbaycan Turizm Bürosu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin məqsədi əsas diqqəti kənd təsərrüfatı və qastronomik turizmə ayırmaqla kənd yerlərində iqtisadi dirçəlişi və inkişafı sürətləndirmək və ölkədə davamlı gəlir mənbələrinin yaradılmasına töhfə verməkdir.
Azərbaycanda “Slow Food” layihəsi barədə ətraflı məlumat ilə Slow Food – COVCHEG veb-saytında tanış ola bilərsiniz.