23 oktyabr, 2019 – Tezliklə Azərbaycanın bəyaz qış cənnətinə çevriləcək uca dağları həm macəra axtaranlar, həm də bir az dincəlmək və istirahət etmək istəyənlər üçün sehrli bir imkan təqdim edəcək. İnsanın könlünü oxşayan dağ havası və gözəl qarlı mənzərənin ləzzətini duymaq istəyənlər Azərbaycan Hava Yolları (AZAL) və Dubaydan FlyDubai Hava Yolları şirkətlərinin təyyarələri ilə hər gün birbaşa uçuşla 3 saat ərzində Bakı şəhərinə səyahət edə bilər.
Avropa və Asiyanın kəsişdiyi nöqtədə yerləşən Azərbaycan təbiətinə qovuşmaq axtarışında olanlar üçün bu, çox əlverişli bir imkandır. Heyrət doğuran Qafqaz dağları xizək həvəskarları üçün mənzərə dəyişikliyi – şəhər mərkəzindən cəmi üç saatlıq məsafədə yerləşən maraqlı xizək yolu təklif edir.
Hazırda Azərbaycanın turistlərə təklif edilən iki böyük xizək kurortu bunlardır:
ŞAHDAĞ
“Şahdağ” turizm kompleksi Qusar rayonunun əlçatmaz dağlarının zirvəsində yerləşir. Yüksək səviyyəli hotelləri, spaları, restoranları və çoxsaylı maraqlı idman oyunları və istirahət növləri ilə Şahdağ sizin qış möcüzələri ölkəsində olmaq xəyalınızı gerçəkləşdirə bilər.
Yeni, eləcə də təcrübəli xizəkçilər, buradakı yamaclardan sürüşməyə cəsarət göstərin. 17 kilometrdən çox olan sürüşmə yolundan zövq alın. Xizəklə sürüşməyi xoşlamayanlar isə möhtəşəm dağ yolları ilə turlara çıxa, yamac paraşütçülüyü, velosiped gəzintisi, trottinetlə məşğul ola, habelə gözəl dağ mənzərələrini seyr etməyə imkan verən kanatla dağa dırmaşma əyləncəsindən faydalana bilərlər. İstirahətiniz başa çatdıqda, qonşuluqda yerləşən gözəl Laza kəndinə gəzməyə gedin. Gəzinti üçün mükəmməl olan bu mənzərəli məkan qışda donan çox sayda şəlalələr ilə əhatə olunub.
Spa xidmətləri:
Geniş çeşidli bərpaedici tibbi-müalicə xidməti, müasir şəraiti və dincəlmək üçün hovuz yanında barı olan 5 ulduzlu “Pik Palace” hoteldə özünüzə yenidən məkan seçin. Eləcə də 20 metrlik qapalı hovuzu, habelə idman zalı, cakuzi, sauna və sair rahatlıqları olan “Park Chalet”ə üz tutun.
Necə getmək olar:
Bakıdan 210 km məsafədə yerləşən bu kompleksə Bakı Beynəlxalq Avtobus vağzalından avtobusla və ya avtomobillə 3 saata getmək olar.
Hava şəraiti:
Qışda havanın temperaturu mənfi 20-22°C-ə qədər düşə bilər. Həftəlik qar örtüyünün orta qalınlığı 15-35 sm arasında dəyişir.
Qalmaq üçün aşağıdakı seçimləri edə bilərsiniz:
Pik Palace Hotel 5 * – 167 otaq və lüks nömrələr
Park Chalet 5 * – 164 otaq və lüks nömrələr
Zirvə Hotel 4 * – 43 otaq
Şahdağ Hotel və Spa –172 otaq
TUFANDAĞ
Bənzərsiz gözəlliyi ilə seçilən "Tufan” Dağ-Xizək Kompleksi Azərbaycanın qədim diyarı Qəbələ rayonunun ərazisində, Böyük Qafqaz dağlarının ətəyində yerləşir. 15 kilometrlik xüsusi hazırlanmış yamaclar snoubordinq və xizəklə sürüşmək üçün əla məkandır. Xizək sürməyi ilk dəfə sınayanlar bu əyləncəli idman növü ilə məşğul olmaq üçün istirahət kompleksinin xizəksürmə məktəbinə qoşula bilərlər. Spa, restoran, kafe, bar və istirahət zonaları ilə təchiz olunmuş Tufandağ sizin üçün qış gəzintilərinin siyahısını hazırlamışdır.
Tufandağda bir günlük istirahət böyüklər üçün 30 AZN / 65 ƏƏD (Ərəb Əmirliyi dirhəmi), 6–11 yaş uşaqlar üçün isə 20 AZN / 43 ƏƏD təşkil edir.
Qonaqlar gözoxşayan mənzərələri seyr etməklə yanaşı, təklif olunan çoxsaylı restoranlarda ləzzətli yeməklərin dadını çıxara bilərlər. Mövqeyinə görə Azərbaycanın ən yüksək restoranları hesab edilən Chalet Steak və Wine House şərab evinə yalnız kanat yolu ilə çatmaq mümkündür. Bu lüks məkanlarda gözəl bişmiş steyklə bir qədəh yerli şərabın ləzzətindən zövq alın. “Qəbələ” kafesi isə əsl Azərbaycan mətbəxi ilə tanış olmaq məkanıdır. Kafeyə yalnız kanatla getmək olar. Kafe kanat yolunun “Qəbələ” dayanacağında yerləşir.
Spa xidmətləri:
Saunadan, buxar otağından, masajlardan, türk hamamından zövq alın, ya da ailəvi VIP spa xidmətlərindən istifadə edin. Həvəskarlar hotelin idman salonunda qapalı oyun növlərində özlərini sınaya bilərlər. “Qafqaz Riverside Hotel” qonaqlarına qapalı hovuzda, türk hamamında, sauna və masaj otaqlarında rahat istirahət təqdim edir. Tək terapevtik xidmətlər qəbul etmək istəyənlər üçün isə VIP spa prosedurları təklif olunur.
Necə getmək olar:
"Tufan" Dağ-Xizək Kompleksi avtomobillə “Qəbələ” Beynəlxalq Hava Limanından 20 km-lik məsafədədir. Bakıdan kompleksə olan məsafə 220 km-dir. Bakı Beynəlxalq Avtobus vağzalından avtobusla və ya avtomobillə 3,5 saata çatmaq mümkündür.
Hava şəraiti:
Qışda temperatur mənfi 15-20°C-yə qədər düşə bilər. Həftəlik qar örtüyünün orta qalınlığı 5–15 sm arasında dəyişir.
Qalmaq üçün aşağıdakı seçimləri edə bilərsiniz:
5* Qafqaz Tufandag Resort – 50 otaq və lüks nömrələr, 3 villa;
5* Qafqaz Riverside – 150 otaq və lüks nömrələr, iki və üç otaqlı 14 kottec.