Dekabrın 9-da Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyə və Azərbaycanın turizm sənayesi və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirib.
O, türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında türkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib.
Tədbirdə azərbaycanlı pianoçu və bəstəkar İsfar Sarabski musiqi ifaları ilə çıxış edib. Mədəni proqram ilə davam edən tədbir çərçivəsində hər iki ölkənin turizm sənayesi nümayəndələri arasında turizm sahəsində regional əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iki ölkə arasında sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahət imkanı, eləcə də AZAL və Türkiyənin müxtəlif hava yolu şirkətləri tərəfindən həyata keçirilən müntəzəm uçuşlar 2020–2024-cü illər ərzində ölkəmizə gələn türk ziyarətçilərin sayının 3 dəfə artımını dəstəkləyir.