Oktyabrın 16-da “Hotelstars” İttifaqının (HSU) Kiprin Pafos şəhərində baş tutan 10-cu Baş Assambleyasında Azərbaycan ilk dəfə olaraq tamhüquqlu üzv qismində iştirak edib.
Paralel olaraq, 15–17 oktyabr tarixlərində Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) 91-ci Baş Assambleyası keçirilib.
Hər iki tədbir Avropanın müxtəlif ölkələrindən turizm və qonaqpərvərlik sahəsinin nümayəndələrini bir araya gətirərək süni intellektin marketinqdə tətbiqi və rəsmi ulduz təsnifat sisteminin beynəlxalq tanıdılması kimi gələcək prioritetlərin müzakirəsinə həsr olunub.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev hər iki assambleyada iştirak edərək çıxış edib.
Rəşad Əliyev çıxışında vurğulayıb ki, Azərbaycanın tamhüquqlu üzvlüyü həm ölkəmizin keyfiyyətli turizm mühiti yaratmaq istiqamətindəki səylərinin beynəlxalq səviyyədə tanındığını, həm də Avropanın vahid ulduz təsnifat sisteminə inteqrasiyada yeni bir mərhələnin başlandığını göstərir.
Qeyd edək ki, Azərbaycan 2019-cu ildən “Hotelstars” İttifaqının tətbiqedici üzvü olaraq beynəlxalq standartlara uyğun, şəffaf və etibarlı ulduz təsnifat sisteminin yaradılması istiqamətində ardıcıl addımlar atıb.
Azərbaycan Turizm Bürosunun dəstəyi ilə, “Hotelstars” İttifaqının təsnifat meyarları əsasında Sertifikatlaşdırma Orqanı tərəfindən indiyədək 298 hotel təsnif edilib.