22-23 sentyabr tarixlərində Bakı şəhərində keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan Turizm Bürosu (ATB) sağlamlıq turizmini diqqət mərkəzinə çəkərək ölkəmizin investisiya imkanlarını təqdim edib. Forum çərçivəsində ATB “Turizm İnvestisiya Zonası” mövzulu milli stend ilə çıxış edərək bu istiqamətdə uzunmüddətli vizyonu və investisiya imkanlarını nümayiş etdirib.
Tədbir çərçivəsində Azərbaycan Turizm Bürosu ilə “Nardaran Invest” MMC arasında “Sea Breeze Health Valley” layihəsinin inkişafı məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənəd dövlət–özəl əməkdaşlığını, təcrübə mübadiləsini və birgə tədbirlərdə iştirak prinsiplərini özündə birləşdirir.
Forumda çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit sağlamlıq turizminin “Bir daha bax” destinasiya brendinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Dövlət proqramlarının özəl sektor təşəbbüsləri ilə tamamlanmasının və sahədə yüksək standartların inkişaf etdirilməsinin vacibliyi də qeyd olunub.
İdarə Heyətinin sədr müavini Rəşad Əliyev isə çıxışında turizm sektorunda müşahidə olunan artım dinamikasını, qonaqpərvərlik sahəsinə yönəldilən mühüm investisiyaları və Azərbaycanın ilboyu cəlbedici turizm məkanı kimi strateji mövqeyini vurğulayıb.