İyunun 23-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və ICOMOS Beynəlxalq Təşkilatının (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) birgə tərəfdaşlığı ilə Bakı şəhərində "Köçərilik Dünya İrsi Təşəbbüsü: Beynəlxalq Ekspertlər Konfransı" öz işinə başlayıb.
Tədbirdə Dünya İrs Mərkəzi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), ICOMOS, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) və digər beynəlxalq qurumların ABŞ, Çin, Böyük Britaniya, İspaniya, Kanada, İtaliya, Almaniya, Avstriya, Türkiyə, Fransa, Monteneqro, Keniya, Qana, Benin, Cənubi Afrika, Özbəkistan və Gürcüstandan olan mütəxəssisləri, elmi-tədqiqat institutları və universitetlərin alimləri, həmçinin yerli ekspertlər iştirak edir.
25 iyuna kimi davam edəcək konfransın əsas məqsədi dünyanın müxtəlif regionlardakı köçəri mədəni landşaftların araşdırılması, bu irsin qorunması və iqlim dəyişiklikləri ilə sosial-iqtisadi transformasiyalar kontekstində dayanıqlı turizm potensialının inkişaf etdirilməsi məsələlərini müzakirə olunmasıdır. Tədbirdə 18 ölkədən 30-a yaxın nümayəndənin iştirakı ilə təqdimatlar, panel müzakirələri və tematik işçi sessiyaları təşkil olunacaq.
Konfransda UNESCO-nun 2023-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq kəndi və Köç yolu” mədəni landşaftının qorunması, turizm imkanlarının reallaşdırılması və oxşar irs növlərinin mühafizəsi üzrə praktiki mexanizmlər müzakirə olunacaq.