Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli hava yolu şirkəti olan “Wizz Air Abu Dhabi”, BƏƏ-nin paytaxtı Əbu-Dabidən Azərbaycanın ən füsunkar bölgələrindən biri sayılan Qəbələyə birbaşa uçuşlar həyata keçirir. Yeni marşrut üzrə uçuşlar 2025-ci il iyunun 19-dan etibarən, həftədə üç dəfə olmaqla, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bu yeni marşrut Azərbaycanı ilboyu turizm məkanı olmaq baxışını dəstəkləyir və Qəbələ Hava Limanını regionun giriş qapısı kimi əhəmiyyətini artıraraq, Azərbaycanın şimal-qərb bölgəsinə əlçatanlılığını təmin etməsi üçün strateji addım rolunu oynayır.
Bu təşəbbüs xarici səyahətçilər üçün Azərbaycanın təbii gözəlliklərini kəşf etmək və qısa müddətli istirahət üçün əlverişli imkanlar yaradır. Region zəngin meşələri, qarla örtülü zirvələri və Nohur Gölü kimi sakit guşələri ilə seçilir. Səyahətçilər “Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi”-də ilboyu müxtəlif açıq hava fəaliyyətlərindən zövq ala, təbii termal bulaqlarda dincələ və ya lüks səviyyəli “Chenot Palace Gabala Hotel”-də istirahət edə bilərlər.
Buradan səyahətçilər zəngin mədəniyyəti, təbii gözəlliyi və səmimi qonaqpərvərliyi ilə tanınan Şamaxı-İsmayıllı, Şəki-Oğuz və Qax-Zaqatala marşrutlarını asanlıqla kəşf edə bilərlər. Ekoturizm və təcrübəyə əsaslanan səyahətə artan maraq fonunda, region, BƏƏ və xarici səyahətçilərin ailə və dostları ilə keyfiyyətli vaxt keçirə bilmələri üçün sakit bir mühit axtarışına cavab verən məkan kimi özünü təsdiqləyir. Region bir neçə saatlıq səfər məsafəsində səyahətçilərə macəra və sükunət harmoniyasının nadir vəhdətini təqdim edir.
Qəbələ ilə Bakı arasında zövqoxşayan təbiət mənzərəli qatar marşrutu fəaliyyət göstərir ki, bu da turistlərə səyahət planına şəhər istirahətini də, əlavə etmək imkan verir.
Qeyd etmək lazımdır ki, Azərbaycan BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq edir, həmçinin BƏƏ-də altı ay və daha uzun müddətli etibarlı yaşayış icazəsinə malik sakinlər səfər zamanı viza ala bilərlər. Bütün bu görülən tədbirlər, 2024-cü ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında BƏƏ-dən gələn turistlərin sayında 1.2 dəfə müşahidə olunan artım dinamikasını dəstəkləməyə yönəlmişdir.