Mayın 22-də Azərbaycanın ekoturizm üzrə təcrübəsi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən, ətraf mühit və dayanıqlı turizm mövzularına həsr olunmuş XI Nevski Beynəlxalq Ekoloji Konqresində təqdim olunub.
Azərbaycan Turizm Bürosunun Rusiya üzrə nümayəndəliyinin rəhbəri Cəlal İsmayılov “Azərbaycanda ekoturizm sahəsində fəaliyyət” mövzusunda təqdimatında təbiət əsaslı turizm marşrutlarının inkişafı, yeni haykinq marşrutlarının genişləndirilməsi və quş müşahidəsi məkanlarının təşviqi istiqamətində ölkə təcrübəsini bölüşüb.
O, çıxışı zamanı Azərbaycanın COP29 çərçivəsində turizmin dayanıqlılığı və davamlılığı mövzularında təşəbbüslərindən, həmçinin “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin əhəmiyyətindən bəhs edib.
Qeyd edək ki, Nevski Ekoloji Konqresi MDB məkanında iqlim və ətraf mühit məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan əsas platformalardan biridir.