Azərbaycan Turizm Bürosu (ATB) dayanıqlı turizm mövzusunda Azərbaycana tədris səfəri edən BƏƏ-dən MBA tələbələrini qəbul edib. Akademik proqramlarının bir hissəsi kimi təşkil edilən bu səfərdə Azərbaycanın dayanıqlı turizm destinasiyaya çevrilməsi üzrə strategiyası və mədəni irsin mühafizəsi sahəsi üzrə görülən işlər tələbələrə təqdim edilib.
Səfər çərçivəsində ümumilikdə 62 tələbə və akademik heyət üzvü fevralın 18-də və 21-də iki qrup halında Azərbaycana səfər ediblər. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri Azərbaycan Turizm Strategiyasının formalaşdırılması və tətbiqi barədə öz biliklərini və təcrübələrini paylaşdı.
Azərbaycanın dayanıqlı turizm destinasiyasına çevrilməsi üçün üzləşilən real çətinliklər və onların həlli yolları barədə müzakirələr aparıldı. Həmçinin, quş müşahidəçiliyi, Slow Food konsepsiyasının təşviqi kimi turizm məhsullarının yaradılması və inkişaf etdirilməsinə kimi dayanıqlı turizm fəaliyyətlərinin destinasiyanın idarəetməsinə inteqrasiya olunmasının əhəmiyyəti qeyd edildi.
UNESCO-nun siyahısında yer alan Xınalıq kəndi və “Köç Yolu” Transhumans marşrutu, Basqal kəndi və Diribaba türbəsinin bərpası kimi layihələrin dövlətin mədəni irsin mühafizəsi və regenerativ turizmin inkişafında oynadığı vacib rolu nümayiş etdirən mühüm layihələr olaraq vurğulandı.
Beş günlük proqram çərçivəsində tələbələr, Azərbaycanın tarixi, mədəni və təbii irsinin ayrılmaz hissəsi olan Qobustan Qayaları, Palçıq Vulkanları Turizm Kompleksi, “Atəşgah” Məbədi və Yanardağ kimi məkanları ziyarət ediblər. Bu yerlər ilə tanış olmaq onlara ölkənin qədim sivilizasiyanın izlərini və geoloji möcüzələri özündə birləşdirən zəngin keçmişini kəşf etmələrinə imkan yaratdı.