Azərbaycan Turizm Bürosu 16-19 yanvar tarixlərində Vyanada keçiriləcək, Avstriyanın ən böyük turizm sərgisi olan Ferien-Messe Wien 2025-də iştirak edir. Sərgidə “Azərbaycan Hava Yolları” da daxil olmaqla bir çox yerli tərəfdaşlarla birgə ölkəmizin turizm imkanları nümayiş etdirilir.
Turizm sənayesi üçün çoxşaxəli bir platforma olan Ferien-Messe Wien sərgisində B2B (Biznesdən biznesə), həm də B2C (Biznesdən Müştəriyə) formatlı görüşlər keçirilir. Bu fürsətdən istifadə edərək, Azərbaycan Turizm Bürosu Avstriyada və DACH regionunda öz mövqeyini daha da möhkəmləndirməyi, strateji əməkdaşlıqları inkişaf etdirməyi və 2025-ci il üçün Azərbaycanı əsas səyahət məkanı olaraq tanıtmağı hədəfləyir. Azərbaycan Respublikasının Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəylinin tədbirin birinci günündə iştirakı, tədbirin əhəmiyyətini bir daha vurğulamışdır.
Sərgi ziyarətçilərinə Azərbaycanın turizm məhsulları üzrə təkliflər, o cümlədən İçərişəhər, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkanlar haqqında ətraflı məlumat verilir. Milli stenddə virtual reallıq (VR) texnologiyası vasitəsilə Qobustan Qayaları və Xınalıq kəndi kimi məşhur turizm məkanlarını kəşf etmək və eyni zamanda Azərbaycanın milli şirniyyatlarının ləzzətini dadmaq imkanı təqdim olunur.
Xüsusilə qeyd etmək lazımdır ki, Avstriyalı turistlər üçün Azərbaycanı kəşf etmək artıq çox asandır. Azərbaycan Hava Yolları Vyana-Bakı istiqamətində birbaşa uçuşlar təklif edir, bu da sərnişinlərə daha rahat və əlverişli səyahət imkanı yaradır. Eyni zamanda, elektron vizaların əldə edilməsi prosesi də olduqca asanlaşdırılıb. Rəsmi evisa.gov.az platforması vasitəsilə adi viza müraciətləri cəmi üç iş günü ərzində, təcili müraciətlər isə üç saat ərzində tamamlanır. Bu addımlar Avstriyalı ziyarətçilər üçün Azərbaycanın turizm imkanlarını daha da əlçatan edir.