Azərbaycan Turizm Bürosu (ATB) 2024-cü il oktyabr ayının 27-dən 31-dək Polşanın tanınmış 12 turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil etmişdir. Turizm sahəsində Polşa və Azərbaycan arasında potensial tərəfdaşlıqlar və əməkdaşlıqların təşviq edilməsinə dair 30-a yaxın yerli şirkətlə B2B formatında görüşlər keçirilmişdir. Azərbaycan Turizm Bürosu bu əməkdaşlıqlar vasitəsilə Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirmək və ölkəmizi regionun aparıcı turizm məkanı kimi təşviq etmək səylərini bir daha nümayiş etdirmişdir.
İşgüzar görüşlərlə yanaşı, tur zamanı qonaqlar Azərbaycanın zəngin mədəni irsi və inkişaf etməkdə olan qış turizm imkanları ilə tanış olmuşlar. Səfərin əsas məqamlarından biri qış idman növləri və istirahət baxımından Azərbaycanın qabaqcıl məkanı olan Şahdağ Turizm Mərkəzinə baş çəkmək idi. Burada Polşalı nümayəndələr müasir xizək infrastrukturları ilə tanış olaraq, qış əyləncəsi axtaran turistlər üçün Şahdağın ideal seçim ola bilmə potensialını qiymətləndirmişlər. Tanışlıq səfəri zamanı turizm sənayesində fəaliyyət göstərən liderlərə həm mədəni, həm də macəra turizmi ilə maraqlanan turistlərin diqqətinin çəkə biləcəyi destinasiya kimi Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat verildi.