Azərbaycan Turizm Bürosu Qərbi Avstraliyanın paytaxtı Pert şəhərində keçirilən Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) 2024 Qlobal Sammitində iştirak edir. Bu tədbir qeyd edilən sektorun gələcəyini formalaşdıran inkişaf tendensiyaları, problemləri və yenilikləri müzakirə etmək üçün səyahət və turizm sənayesi üzrə liderləri və rəsmi nümayəndələri bir araya toplayır. Özəl sektorun ən böyük səyahət və turizm şəbəkəsi olaraq WTTC hökumətlər və turizm sənaye ekspertləri ilə əməkdaşlıq edərək sektorun inklüziv və dayanıqlı inkişaf potensialını maksimum dərəcədə artırmaq missiyasına malikdir.
WTTC Qlobal Sammiti davamlı səyahət təşviqində Azərbaycanın strateji rolunu vurğulamaq və ölkənin unikal turizm təkliflərini nümayiş etdirmək üçün platforma təqdim edir. Azərbaycan bu sammitdə iştirak etməklə səyahət və turizm sektorunun inkişafı ilə bağlı yaranan problemlərə və onların həll yollarına dair qlobal müzakirələrə öz töhfəsini verir. Azərbaycanın nümayəndə heyəti turizm və sənayenin davamlı inkişafı və transformasiyası ilə bağlı müzakirələrə qoşularaq sammitdə fəal şəkildə iştirak edir. Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmidin təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Ümumdünya Səyahət və Turizm Şurasının baş icraçı direktoru Culia Simpson və “Trip.com Group”un baş direktoru Ceyn San ilə görüşlər keçiriblər.
“Qlobal Liderlər Forumu”nda və “Məsləhətçilər Dərnəyinin Qəbulu”nda nümayəndələr sənaye problemlərini gündəmə gətirmiş və Azərbaycanın həm UNESCO-nun Ümumdünya İrs siyasına daxil edilən “Xınalıq kəndi və Köç Yolu Marşrutu”nun qorunub saxlanmasına, həm də turizm sənayesinə aid digər təşəbbüslərini, Şirvan Milli Parkında biomüxtəlifliyin mühafizəsi və icma əsaslı turizm üçün göstərdiyi səylərini nümayiş etdiriblər. Tədbir zamanı o da vurğulanmışdır ki, Bakının COP29-a ev sahibliyi etməsi turizmi diqqət mərkəzində saxlamaqla Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir. Qeyd edək ki, 20 noyabr tarixində ilk dəfə keçiriləcək Turizm Günündə nazirlərin yüksək səviyyəli görüşü və iddialı iqlim hədəflərinə nail olmağa yönələn Turizm üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsinin təqdimatının keçirilməsi nəzərdə tutulub.
WTTC-nin təyinat üzrə tərəfdaşı kimi Azərbaycan davamlı turizmə sadiqliyini bir daha təsdiqləyir və Azərbaycanın turizm sektorunu inkişaf etdirməyə və qlobal əməkdaşlığı təşviq etməyə bağlılığını vurğulayır. WTTC-yə üzvlük Azərbaycanın turizm sənayesini iqtisadi inkişafın ön sıralarında yerləşdirməklə və yüksək səviyyəli siyasətin həyata keçirilməsi üçün dövlət və özəl sektorları əlaqələndirməklə strateji faydalar təmin edir. WTTC-yə qoşulmaqla, Azərbaycan öz turizm şəbəkəsini gücləndirir, əsas sənaye mövzuları ilə bağlı müzakirələr qoşulur və səyahət təchizat zəncirində təkmilləşdirmələrə inteqrasiya edir. Bundan əlavə, Azərbaycanın Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) Otel Davamlılığının Əsasları təşəbbüsundə iştirakı otellər üçün 12 əsas fəaliyyət üzrə qlobal səviyyədə tanınmış davamlılıq standartlarını təqdim edir. Aparıcı tərəfdaş kimi Azərbaycan sektorda davamlılıq standartlarını yüksəltməyə sadiqdir.
Bu proqram və həmçinin digər turizm təşəbbüsləri haqqında ətraflı məlumat əldə etmək üçün Azerbaijan Travel saytına daxil olun.