Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 5-7 mart 2024-cü il tarixlərində dünyanın aparıcı turizm sərgilərindən biri olan “ITB Berlin”də təqdim olunur.
Milli stenddə “Azərbaycan Hava Yolları”, otellər və turizm agentlikləri daxil olmaqla, 14 sənaye tərəfdaşı ilə birlikdə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B (Biznesdən biznesə) görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur, həmçinin ölkənin gözəl peyzajları VR vasitəsilə nümaiş olunur.
Azərbaycan stendinin ziyarətçiləri, müxtəlif interaktiv təcrübələr vasitəsilə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmuş mədəni obyektləri, zəngin milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri və digər turizm imkanları barədə ətraflı məlumat alırlar.
Sərginin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayev, UNWTO-nun baş katibi Zurab Pololikashvili və Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culiya Simpson da stendi ziyarət ediblər.