Azərbaycan Turizm Bürosu davamlı turizm istiqamətində gördüyü işlərə davam edərək Qlobal Turizm Plastik Təşəbbüsünə qoşulub (ing. Global Tourism Plastics Initiative).
Pandemiya mühitində davamlı və məsuliyətli turizm təkliflərinin ərsəyə gəlməsi üzrə işləri vurğulayan ATB yerli tərəfdaşların bu prosesə cəlb edilməsinə xüsusi önəm verir.
“Davamlı inkişaf üzrə planlar heç bir şəkildə təxirə salınmamalıdır. Bu istiqamətdə qoşulduğumuz beynəlxalq təşəbbüs sayəsində mühüm tərəfdaşlarla kollektiv şəkildə turizm sənayesinin ətraf mühitə təsirini azaltmağa töhfə verəcəyimiz üçün çox şadıq”, - deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
ATB bu qlobal təşəbbüsə qoşulmaqla ölkədə fəaliyyət göstərən turizm subyektləri və plastik çirklənmə üzrə mütəxəssislər arasında müxtəlif müzakirə və görüş platformaları vasitəsilə gərəksiz plastik bağlamalar və ya əşyalardan uzaqlaşmağı təşviq etmək və təkrar emala həvəsləndirmək, eləcə də xüsusi təlimlər keçmiş tur bələdçiləri vasitəsilə ölkəni ziyarət edən turistlər arasında məsuliyyətli davranışın təşviq edilməsi kimi bir sıra öhdəliklərin icrasını öz üzərinə götürüb.
“Bir planet” şəbəkəsinin Dayanıqlı Turizm Proqramı çərçivəsində hazırlanmış təşəbbüs BMT-nin Ətraf Mühit üzrə Proqramı (UNEP) və Ümumdünya Turizm Təşkilatı tərəfindən Ellen Makartur Fondu ilə əməkdaşlıq çərçivəsində icra edilir.